01.03.2023-cü il tarixində AMEA Rəyasət Heyətinin binasında Azərbaycan Respublikasının Elm və Təhsil naziri cənab Emin Əmrullayevin, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin, o cümlədən ölkədə fəaliyyət göstərən elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin rəhbərlərinin, həmin müəssisələrin nəzdində fəaliyyət göstərmiş dissertasiya şuralarının sədrləri və elmi katiblərinin və elm ictimaiyyətinin görkəmli nümayəndələrinin iştirakı ilə baş tutmuş tədbirində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, professor Famil Mustafayev tərəfindən təqdim edilən “2019-2022-ci illər ərzində Azərbaycan Respublikasında elmi dərəcələrin və elmi adların verilməsi ilə bağlı Hesabat” dinlənildi. Dissertasiya şuralarının fəaliyyətinin yekunlarına dair təhlil, müşahidə edilən müsbət məqamların vurğulanması, çatışmazlıqların aradan qaldırılması üzrə müzakirələrin aparılması, o cümlədən elmi adların verilməsi sahəsində qanunvericiliklə nəzərdə tutulmuş tələblərin müzakirəsi, vəsatət qaldırılarkən diqqət edilməli olan məqamlar tədbirin əsas müzakirə predmetlərindən olmuşdur.
2019-2022-ci illər ərzində Azərbaycan Respublikasında elmi dərəcələrin və elmi adların verilməsi ilə bağlı Ali Attestasiya Komissiyasının Hesabatı:
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə” və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə” elmi dərəcə və elmi adların verilməsində yeni dövrün başlanğıcı kimi qeyd edilməlidir. Müvafiq normativ aktlar xeyli sayda proqressiv dəyişikliklərin təminatçısı oldu: dissertasiya şuralarının, elmi seminarların fəaliyyəti yeni qaydalar üzrə təşkil edildi, müdafiənin keçirilməsi, səsvermə prosedurlarına əsaslı dəyişikliklər edildi. Məlum olduğu kimi COVID-19 pandemiyası ilə mübarizə çərçivəsindəki məhdudiyyətlər elm və təhsilə təsirini daha bariz göstərdi. Bununla əlaqədar Komissiyanın Rəyasət Heyətinin 29 yanvar 2021-ci il tarixli qərarı ilə xüsusi karantin rejimi dövründə dissertasiya şuralarının nəzdində fəaliyyət göstərən elmi seminarlarda müzakirələrin və dissertasiya şuralarında müdafiələrin təşkili və keçirilməsinə dair tələblər müəyyənləşdirildi. Həmçinin dissertasiya şuralarında qərarların qəbulu zamanı səsvermə Komissiyanın rəsmi saytı üzərindən elektron formada onlayn rejimdə keçirilməyə başlanıldı. Gələcəkdə də dissertasiya şuralarında səsvermənin elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur ki, bu da şəffaflığın təmin edilməsi və prosedurların asanlaşması baxımından faydalıdır.
Keçən dövr ərzində elmi dərəcə verilməsi sahəsində görülmüş işlərin və təcrübədən əldə edilmiş məlumatların təhlili zamanı bir sıra ixtisaslar üzrə yüksəkixtisaslı mütəxəssis çatışmazlığı, o cümlədən təcrübədə bəzi prosedur, qayda və şərtlərin səmərəliliyinin artırılması ehtiyacı səbəbindən normativ bazaya bir sıra yeniliklərin edilməsi zərurəti yarandı. Burada əsas məqsəd elmi fəaliyyətin imitasiyası, psevdoelm və elmi nəticələrlə spekulyasiya hallarını istisna edən qiymətləndirmə sisteminin formalaşdırılmasından ibarət olmuşdur. Qeyd olunanlar nəzərə alınaraq, habelə elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılmasını təkmilləşdirmək və elmi tədqiqatların səviyyəsini yüksəltmək məqsədilə ölkə başçısının 26 noyabr 2022-ci il tarixli 1888 nömrəli Fərmanı ilə “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanında dəyişiklik edilmişdir.
Sənəddə bir sıra mühüm dəyişikliklərlə yanaşı müdafiədə iştirak etməli olan elmlər doktorlarına münasibətdə müəyyən edilmiş say tələbi azaldılmışdır (fəlsəfə doktoru dissertasiyalarının müdafiəsi üçün ixtisas üzrə azı 3-dən azı 2-yə, elmlər doktoru dissertasiyalarının müdafiəsi üçün isə azı 5-dən azı 4-ə salınmışdır). Edilmiş dəyişikliyə müvafiq olaraq elmlər doktoru dissertasiyalarının müdafiəsi zamanı dissertasiya şurasının üzvü olan fəlsəfə doktorlarının da müdafiənin yekunları üzrə səsvermədə iştirak etmələri mümkün olacaq. Elmlər doktorlarının sayının azaldılması gənc alimlərin dissertasiya şuralarında təmsil olunmasına şərait yaradacaq, dissertasiya şuralarının tərkibinə yaradıcı və istedadlı gənclərin daxil edilməsi müdafiə prosesində müasir elmi bilik və bacarıqların üzə çıxarılması istiqamətində faydalı diskussiyaların aparılması ilə nəticələnəcəkdir.
Mühüm hesab edilən dəyişikliklərdən digəri isə ingilis dilində müdafiə edən əcnəbi vətəndaşların Azərbaycan dilindən imtahan verməsi şərtinin aradan qaldırılmasıdır. Dəyişiklikdə Azərbaycan dili fənnindən fəlsəfə doktoru imtahanı tələbi yalnız dissertasiyasını Azərbaycan dilində yazan və müdafiə edən əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün nəzərdə tutulmuş, dissertasiya işinin ingilis dilində də təqdim edilə bilməsi öz əksini tapmışdır. Bu da öz növbəsində əcnəbi vətəndaşların doktoranturaya cəlb edilməsini və ali məktəblərimizin xarici ölkələrdə tanınmasını, beynəlxalq reytinqlərdə daha yüksək yer tutmasını şərtləndirmiş olacaqdır.
Ölkə başçısının 26 noyabr 2022-ci il tarixli 1888 nömrəli Fərmanı ilə elmi adların verilməsi sahəsində də önəmli yeniliklər edilmişdir. Bunlardan professor elmi adının verilməsi qayda və şərtlərində iddiaçının seçiminə uyğun olaraq yerinə yetirilməsi zəruri olan tələblərə H-indeksi ilə bağlı yeni alternativin əlavə olunması qeyd edilə bilər. Belə ki, yeni dəyişikliyə əsasən iddiaçılar beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərində (bazalarında) humanitar və ictimai elmlər üzrə azı beş, dəqiq və təbiət elmləri üzrə azı on olmaqla H-indeksinə (özünə istinadlar istisna olmaqla) sahib olduqda həmin şəxslərə əlavə olaraq elmi rəhbərliyi və ya məsləhətçiliyi ilə hazırladığı mütəxəssislərlə bağlı tələb qoyulmur və kadr hazırılığı tələbi vasitəsilə iddiaçının nailiyyətinin başqasından asılılığı aradan qaldırılır. Yəni alimlərin elmi rəhbərliyi və ya elmi məsləhətçiliyi ilə ixtisas üzrə təkbaşına hazırlamalı olduğu mütəxəssislərin mütləq elmi dərəcə almaları tələbi yerinə yetirilmədən H-indeksi üzrə göstəricilər əsasında professor elmi adına iddiaçı qismində çıxış etmələrinə imkan yaranmışdır. Əsasnaməyə H-indeksi ilə bağlı əlavənin edilməsi, Azərbaycan alimlərinin nəticələrinin qlobal elmi məkana inteqrasiyası üzrə tədbirlərin icrası baxımından da zəruri hesab edilir.
Tədbirdə keçən dövr ərzində fəaliyyət göstərmiş dissertasiya şuralarına dair ümumiləşdirilmiş statistik məlumatlar təqdim edilmiş və müvafiq məlumatlar verilmişdir.
2019-ci ildən fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiələrinin keçirilməsi üçün respublikanın 55 elmi müəssisə və təşkilatında, ali təhsil müəssisəsində Komissiya tərəfindən yaradılmış 215 dissertasiya şurası (79 üçillik səlahiyyət müddəti ilə; 136 birdəfəlik) fəaliyyət göstərib. Həmin dissertasiya şuralarının fəaliyyətinə ümumilikdə 2000-ə yaxın yüksəkixtisaslı mütəxəssis cəlb edilmişdir. Komissiyanın müxtəlif elm sahələri üzrə yaratdığı dissertasiya şuralarına ABŞ, Rusiya, Türkiyə, Böyük Britaniya, Yaponiya, Ukrayna, Bolqarıstan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Belarus və İrandan olmaqla 12 ölkədən 19 elm sahəsi üzrə 95 yüksəkixtisaslı mütəxəssis cəlb edilmişdir. Bu təcrübənin müsbət nəticələri nəzərə alınaraq post-pandemiya dövründə də əcnəbi mütəxəssislərin dissertsiyaların müdafiəsi prosesinə cəlb edilmələri nəzərdə tutulur.
2019-2022-ci illər üzrə dissertasiya şuralarının fəaliyyət müddəti ərzində 1115 fəlsəfə doktoru, 213 elmlər doktoru elmi dərəcəsi almaq üçün 1328 müdafiə keçirilmişdir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, 4 müdafiə zamanı səsvermənin nəticələri mənfi olmuş və iddiaçılara müvafiq elmi dərəcənin verilməsi tövsiyə edilməmişdir. Bu onun göstəricisidir ki, həmin şuralarda işə diqqətlə və məsuliyyətlə yanaşılmışdır. Mütəxəsislər tam səmimi və ciddi olaraq gizli səsvermədə iştirak etmişlər. Dissertasiyanın müdafiəsi zamanı və səsvermə zamanı heç bir prosedur pozuntusu aşkar edilməmişdir. Bəzi iddiaçılar bununla bağlı olaraq Komissiyaya şikayət ünvanlamışlar. Mövcud faktlar araşdırılmış və dissertasiya şurasının qərarı Komissiya tərəfindən təsdiq edilmişdir.
Hesabat dövründə fəaliyyət göstərmiş dissertasiya şuralarında ən çox filologiya elmləri sahəsində müdafiələr təşkil edilmişdir. Bu elm sahəsində 260 müdafiə olmuşdur. Növbəti iqtisad elmləri gəlir. Bu elm sahəsi üzrə 161 dissertasiya müdafiəsi keçirilmişdir. Üçüncü yerdə isə tibb elmləridir. Bu elm sahəsi üzrə 157 müdafiə keçirilmişdir.
Elmi dərəcələrin verilməsi ilə bağlı elmi müəssisə və təşkilatlardan Komissiya qarşısında ümumilikdə 689 vəsatət qaldırılmışdır. İ.Nəsimi adına Dilçilik İnstitutunda 60, akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda 57 müdafiə keçirilmişdir.
Ali təhsil müəssisələrindən isə Komissiyaya 639 iş daxil olmuşdur. Müdafiələrin sayına görə ali təhsil müəssisələri arasında Azərbaycan Tibb Universitetində – 111, Bakı Dövlət Universitetində – 84 və Azərbaycan Dövlər Neft və Sənaye Universitetində – 57 müdafiə keçirilmişdir.
Dissertasiya şuralarının fəaliyyət göstərdikləri dövrdə Komissiya qarşısında fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə bağlı 1115 vəsatət qaldırılmışdır. Ən çox filologiya elmləri üzrə, yəni 215 müdafiə edilmişdir. Daha sonra iqtisad elmləri üzrə 144 fəlsəfə doktorluğu dissertasiyasının müdafiəsi keçirilmişdir.
Komissiya tərəfindən 878 şəxsə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi barədə qərar qəbul edilmişdir. Fəlsəfə doktoru elmi dərəcəsi ən çox iqtisad elmləri sahəsində verilmişdir. Sonrakı pillələri isə filologiya elmləri, tibb elmləri və texnika elmləri tutur. Qeyd etmək lazımdır ki, dissertasiya şuralarının fəaliyyətinin başa çatmasına baxmayaraq, 2023-cü ilin yanvar və fevral aylarında da Komissiyaya dissertasiya işləri və attestasiya sənədləri təqdim edilmişdir və hazırda baxılmaqda olan kifayət qədər fəlsəfə doktorluğu işləri vardır.
Təəssüflər olsun ki, dissertasiya işləri və attestasiya sənədlərinin ekspertizası zamanı fəlsəfə doktoru elmi dərəcəsi üzrə xeyli sayda işlərin qanunvericiliklə müəyyən edilmiş elmi dərəcələrin verilməsi qayda və şərtlərini ödəmədiyi müəyyən olunaraq həmin iddiaçılara elmi dərəcənin verilməsindən imtina edilməsi barədə qərarlar qəbul edilmişdir. Elm sahələri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən imtina edilmiş işlərin sayı 410 olmuşdur. İmtina barədə qərarlar əsas etibarı ilə Komissiyanın nəzdində fəaliyyət göstərən ekspert şuralarının tövsiyəsi əsasında qəbul edililr. Göründüyü kimi ən çox imtina da iqtisad elmləri sahəsində verilmişdir.
Ali təhsil müəssisələri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən imtina edilmiş işlərin sayı 198 təşkil etmişdir. Ən çox imtinalar Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti üzrə olmuşdur.
Elmi müəssisə və təşkilar üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən imtina edilmiş işlərin sayı isə 212 olmuşdur. Ən çox imtinalar AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə olmuşdur.
Əsas etibarı ilə elmi dərəcələrin verilməsindən imtina edilməsi barədə qərarlar qanunvericiliklə təsbit olunmuş tələblərə əməl olunmaması ilə bağlı olmuşdur. Lakin bunlar arasında daha ağır pozuntu hesab edilən və aşkar olunduğu təqdirdə həm iddiaçıya, onun elmi rəhbərinə (elmi məsləhətçisinə), həm də həmin işlərin müdafiə olunduğu dissertasiya şuralarına münasibətdə ciddi məhdudiyyətlərin tətbiqini nəzərdə tutan müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından istifadə, yəni elmi plagiatın aşkarlanması halları xüsusilə qeyd edilməlidir. Keçən dövr ərzində elm sahələri üzrə plagiat faktları əsasında fəlsəfə doktoru elmi dərəcəsinin verilməsindən imtina edilmiş işlərin sayı 70 olmuşdur. Burada da iqtisad elmləri sahəsində imtinalar çoxluq təşkil edir. Eyni zamanda, Komissiyanın fəaliyyəti dövründə ilk dəfə olaraq elmi dərəcədən məhrumetmə barədə qərar qəbul edilib. Xarici ölkədən daxil olmuş müraciət əsasında 1 nəfər sənətşünaslıq üzrə fəlsəfə doktorunun tədqiqat işi yoxlanılıb və dissertasiyada elmi plagiat faktı aşkarlandığına görə Komissiyanın Rəyasət Heyətinin 16 aprel 2021-ci il tarixli qərarı ilə həmin şəxs elmi dərəcədən məhrum edilib, onun elmi rəhbərinin isə üç il müddətinədək dissertasiya işləri üzrə elmi rəhbər təyin edilməsinə məhdudiyyət qoyulub.
Plagiat faktları əsasında qəbul edilmiş imtina qərarları sırasında müəssisələr üzrə Azərbaycan Dövlət Aqrar Universitetindən. Azərbaycan Dövlət İqtisad Universitetindən, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutundan daxil olmuş işlərdə daha çox plagiat faktlarına rast gəlinmişdir
Elmlər doktoru elmi dərəcələrinə gəldikdə isə 2019-2022-ci illər üzrə Komissiyaya elm sahələri üzrə 213 iş daxil olmuşdur. Elmlər doktoru elmi dərəcəsi üzrə də yenə ən çox filologiya elmləri üzrə 45 müdafiə həyata keçirilmişdir. Tibb elmləri üzrə 36 elmlər doktoru dissertasiyasının müdafiəsi keçirilmişdir.
Komissiya tərəfindən 156 şəxsə elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə qərar qəbul edilmişdir. Ən çox filologiya, texnika, tibb və iqtisad elmləri sahəsində elmlər doktoru elmi dərəcəsi verilmişdir. Hazırda Komissiyada ekspertizada olan elmlər doktoru elmi dərəcəsi barədə işlərin sayı da az deyildir. Məlumdur ki, Komissiyada dissertasiya işləri və attestasiya sənədləri müvafiq elm sahələri üzrə Komissiyanın nəzdində fəaliyyət göstərən ekspert şuralarında geniş müzakirə edilir. Ekspert şuraları həmin elm sahələri üzrə elmi dərəcəsi və elmi adı olan yüksəkixtisaslı mütəxəsislərdən təşkil olunur. İmkan daxilində rəyçilərin adı gizli saxlanılır. Buna görə həm Komissiyanın əməkdaşları, həm də ekspert şurasının üzvləri məsuliyyət daşıyırlar. Komissiyanın qərarı ilə yaradılmış ekspert şuralarının “adı açıqlanmayan” üzvləri də vardır. Bu üzvlər ekspert şuralarının iclaslarında iştirak etmirlər, yalnız rəy verirlər. Bu proses müəyyən zaman aldığına görə, bəzi işlər hələ də baxılma mərhələsindədir.
Elm sahələri üzrə elmlər doktoru elmi dərəcəsi verilməsindən imtina edilmiş işlərin sayı 42 olmuşdur. Bunlardan 2 iş üzrə imtina barədə qərar plagiat faktları əsasında qəbul edilmişdir.
Elmlər doktoru elmi dərəcəsi verilməsindən imtina edilmiş işlərin elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələri üzrə paylanmasını barədə də məlumat təqdim edilmişdir. Qeyd olunmuşdur ki, Komissiyanın elmi dərəcənin verilməsindən imtina barədə qərarından sonra həmin dissertasiya, ən azı bir ildən sonra ilkin müzakirədən keçirilməklə müdafiəyə təqdim oluna bilər. Plagiat faktları aşkar edilmiş işlərlə bağlı imtinalarda isə iddiaçı yenidən həmin mövzuda dissertasiya müdafiə edə bilməz, fəlsəfə doktoru elmi dərəcəsinin iddiaçılarına Komissiyanın bu barədə qərarından sonra üç il, elmlər doktoru elmi dərəcəsinin iddiaçılarına isə beş il müddətində müdafiə etmək hüququ verilmir.
Ümumilikdə müvafiq Əsasnamələrin qəbulundan sonra Komissiyada 25 elm sahəsi üzrə 1034 şəxsə elmi dərəcə verilmiş, elmi dərəcə verilməsindən imtina edilməsi barədə 452 qərar qəbul olunmuşdur.
Hesabat dövründə 353 şəxsə dosent elmi adı verilməsi haqqında qərar qəbul edilmişdir. Ən çox filologiya elmləri sahəsində 82 dosent elmi adı verilmişdir.
Elm sahələri üzrə dosent elmi adı verilməsindən imtina edilməsi haqqında 65 qərar qəbul edilmişdir.
Elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələri üzrə dosent elmi adı verilməsindən imtina edilməsi ilə bağlı Azərbaycan Dövlət Aqrar Universiteti qeyd edilə bilər. Bu ali təhsil müəssisəsindən dosent elmi adının verilməsi ilə bağlı qaldırılmış 10 vəsatət barədə imtina qərarı qəbul edilmişdir.
Plagiat faktları əsasında dosent elmi adı verilməsindən imtina edilməsi haqqında qərarların sayı 16 olmuşdur. Plagiat faktları iddiaçıların əsasən monoqrafiyaları və dərs vəsaitlərində aşkar edilmişdir.
Vəsatətlər əsasında 57 şəxsə professor elmi adı verilməsi barədə qərar qəbul edilmişdir.
Təəssüflər olsun ki, elmi adların verilməsi zamanı da tələbləri ödəməyən iddiaçılara rast gəlinmişdir. 19 iddiaçıya professor elmi adının verilməsindən imtina edilmişdir.
Sənədlərin attestasiyası zamanı 3 iddiaçının əsərlərində plagiat faktlarına rast gəlinmişdir. Müəyyən edilmişdir ki, bəzi iddiaçılar müəllifinə və mənbəyinə istinad etmədən başqa müəlliflərin kitablarından böyük həcmdə istifadə edərək dərslik və ya monoqrafiya çap etdirirlər. Belə əsərlərin əsasında professor elmi adı almaq yolverilməzdir. Bu kimi hallara riyaziyyat, texnika və iqtisad elmləri sahəsində rast gəlinmişdir.
Diqqətinizə 2020-ci ildən 2023-cü ilin mart ayınadak elmi dərəcələrin və elmi adların verilməsi və verilməsindən imtina edilməsi haqqında, habelə xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiya və ya təkrar attestasiya əsasında tanınması və ya tanınmasından imtina edilməsi barədə qərarların elm sahələrinə uyğun olaraq yekun statistikasını təqdim edirik. Bu məlumat hər ay Komissiyanın elektron platformalarda olan rəsmi internet saytında və Facebook səhifəsində elm ictimaiyyətinə təqdim edilir.
Hesabat dövrü ərzində dissertasiya şuralarının fəaliyyətində müşahidə edilən qüsurlar barədə aşağıdakıları qeyd etmək zəruridir:
Elmi adların verilməsi ilə bağlı attestasiya sənədlərində müşahidə edilən qüsurlar barədə aşağıdakıları qeyd etmək zəruridir:
“Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin tələblərinin yerinə yetirilməməsi. Elmi adların verilməsini nəzərdə tutan bütün hal və şərtlər qanunvericililklə dəqiq və birmənalı olaraq müəyyən edilmişdir. Bununla belə yenə də həmin tələblərə əməl edilmədən elmi adların verilməsi ilə bağlı vəsatətlər qaldırılır. Burada əsas etibarı ilə müəyyən olunmuş staj tələblərinin ödənilməməsi, iddiaçının elmi müəssisə və təşkilatda, ali təhsil müəssisəsində tələb edilən vəzifəni tutmaması, vəsatət elmi fəaliyyət üzrə qaldırıldıqda iddiaçının elmi tədqiqat bölməsi üzrə çalışmaması qeyd edilməlidir;
Komissiyada iddiaçıların baxılan dissertasiya işləri və digər elmi işlərində plagiat faktlarının aşkarlanması ilə bağlı qeyd edilməlidir ki, Komissiya dissertasiya işləri, o cümlədən elmi məqalələr və digər elmi işlərdə iddiaçıların müəllifinə və mənbəyinə istinad vermədən digər müəlliflərin materiallarından istifadə etdiyini müəyyən etmək üçün StrikePlagiarism antiplagiat sistemindən istifadə edir. Bu məlumat Komissiya tərəfindən hər zaman açıq saxlanılmış və gizlədilməmişdir. Lakin Komissiya tərəfindən elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələri qarşında məhz bu sistemdən istifadə etmələrinə dair heç bir tələb müəyyən edilməmişdir. Müəssisələr bu sahədə proqram seçimində müstəqildirlər. Nəticə etibarı ilə elmi işlərdə müəyyən edilən oxşarlıqların elmi plagiat faktları kimi təsdiqini tapması narahatlığa səbəb olur. Komissiyanın bu istiqamətdə fəaliyyəti yalnız texniki imkanlarla şərtləndirilmiş hər hansı proqramların istifadəsi ilə məhdudlaşmır. Komissiyada, həmçinin digər fərqli antiplagiat proqramlarının istifadəsi, onun nəzdində fəaliyyət göstərən ekspert şuralarının mütəxəssislərinin rəyləri, müxtəlif açar ifadələrin digər dillərə tərcümə edilərək axtarışa verilməsi və sair kimi alternativ üsullardan da istifadə edilir. Çünki Komissiyada bu cür hallara bu məqamın əhəmiyyətinin, iddiaçıların illərlə sərf etdikləri fiziki, zehni, mənəvi əziyyətlərinin və hətta maddi itkilərinin qiymətləndirilməsinin, onların özlərinin, həmçinin elmi rəhbər və məsləhətçilərinin nüfuzuna xələl gələ biləcəyinin fərqində olaraq yanaşılır. Bəzi şəxslər bu məsələlərə spekulyativ yanaşaraq özünümüdafiə əsasında Komissiyanın ünvanına subyektiv və əsassız fikirlər səsləndirirlər. Komissiyada plagiat faktları əsasında elmi dərəcələr və elmi adlar verilməsindən imtina barədə qərarlar ekspert şuralarının tövsiyələri nəzərə alınmaqla verilir. Bununla yanaşı iddiaçının şikayət hüququndan istifadə etməklə apellyasiya qaydasında müraciət edərək ekspert şurasında məsələyə öz münasibətini bildirməsinə şərait yaradılır. Plagiat aşkar edildikdə bu dəqiq və danılmaz faktlara əsaslanır. Artıq plagiat faktı səbəbindən ikinci imtina barədə qərar qəbul edildikdə Komissiya tərəfindən qanunvericiliklə müəyyən edilmiş məhdudiyyətlərin tətbiq edilməsi barədə həm iddiaçıya, həm də müvafiq dissertasiya şurasına rəsmi qaydada məlumat verilir.
Eyni zamanda qeyd edilməlidir ki, qanunvericiliklə dissertasiyaların mövzularının təsdiq edilməsi və elmi rəhbərlərin təyin edilməsinin doktoranturaya qəbul olunma haqqında qərar qəbul olunan gündən 6 aydan gec olmamaq şərtilə həyata keçirildiyi təsbit olunmuşdur. Buna müvafiq olaraq, doktorantura səviyyəsinə qəbul olduqdan sonra qısa müddət ərzində (bəzən 1-2 ay ərzində) doktorantlara dissertasiya mövzularının müəyyən olunması düzgün yanaşma hesab edilmir. İlkin mərhələdə elmi ədəbiyyatın araşdırılmasından və müvafiq elm sahəsində prioritet istiqamətlər üzrə problemlərin müəyyənləşdirilməsindən sonra mövzunun seçilməsini məntiqli hesab edilir. Bütövlükdə ölkəmizdə doktorantura təhsilinin təşkilinə yeni baxış olmalıdır. Bu baxımdan doktorantura təhsilinin təkmilləşdirilməsi, doktorantlara yeni tədqiqat üsullarının öyrədilməsi, akademik etikaya riayət olunması məsələlərinə diqqətin artırılması məqsədəuyğun hesab edilir.
Digər xəbərlər