Bağla


    5 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 15 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 51 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

    Fizika, kimya, yer elmləri, tibb elmləri, texnika elmləri, iqtisad elmləri, coğrafiya, tarix, filologiya elmləri, siyasi elmlər, psixologiya, sənətşünaslıq, sosiologiya və memarlıq üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 37 iddiaçıya fəlsəfə doktoru diplomları, fizika, iqtisad elmləri, tarix, hüquq elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 5 iddiaçıya elmlər doktoru diplomları, Rusiya Federasiyasının Səhiyyə Nazirliyi İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya və Yaponiyanın Kyuşu Universitetində hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.

    Kimya elm sahəsində “Kimyəvi kinetika və kataliz”, “Ekoloji kimya”, texnika elmləri sahəsində “Neft-qaz kəmərlərinin, bazalarının və anbarlarının tikilməsi və istismarı”, iqtisad elmləri sahəsində “Sahə iqtisadiyyatı”, tarix elm sahəsində “Arxeologiya” və sənətşünaslıq elm sahəsində “Musiqi sənəti” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent, tibb elmləri sahəsində “Mamalıq və ginekologiya” ixtisası üzrə 1 iddiaçıya professor attestatları təqdim edilib.

 


05.06.2025





Digər xəbərlər