Bağla


16 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müavini Sakin Cabarov Qazaxıstanın paytaxtı Astana şəhərində işgüzar səfər çərçivəsində Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumda iştirak etmişdir. 

 Tədbirin əsas məqsədi ali təhsildə keyfiyyət təminatının müasir vəziyyətini və inkişaf perspektivlərini müzakirə etmək, təcrübə mübadiləsi aparmaq və əməkdaşlıq əlaqələrini gücləndirmək olmuşdur. 

 Sakin Cabarov forumda “Elmi dərəcələrin verilməsində elmi əsərlərə qoyulmuş tələblər” mövzusunda məruzə ilə çıxış etmiş, Azərbaycan Respublikasında elmi dərəcələrin verilməsi, məqalələrin dərc olunması üçün tövsiyə olunan elmi nəşrlər və bu sahədə tətbiq olunan standartlar barədə məlumat vermişdir. Məruzədə xüsusilə, hazırda Qazaxıstan Respublikasının 21 elmi jurnalı AAK tərəfindən tövsiyə olunan nəşrlər siyahısına daxil edildiyi qeyd olunmuşdur. 

 Forum çərçivəsində dissertasiyaların ekspertizası, elmi jurnalların reytinqinin yüksəldilməsi və ali təhsil müəssisələrinin akkreditasiyası kimi məsələlər müzakirə olunmuş, iki ölkə arasında elmi və təhsil keyfiyyəti sahəsində ekspertiza və əməkdaşlığın genişləndirilməsi yolları araşdırılmışdır. 

 Tədbirin sonunda iştirakçılar ali təhsildə yüksək keyfiyyətli və elmi-pedagoji kadrların attestasiyası təcrübəsini müzakirə etmiş, ən yaxşı beynəlxalq təcrübələrin tətbiqi və gələcək qarşılıqlı layihələrin həyata keçirilməsi istiqamətlərini müəyyənləşdirmişlər.


17.01.2026





Digər xəbərlər