06 may 2026-cı il tarixində Azərbaycan Respublikası Təhsil İnstitutunun akkreditasiyası nəticələrinin rəsmi elan edilməsi və İnstituta akkreditasiya haqqında şəhadətnamənin təqdim olunması ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayev, Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev, Akkreditasiya üzrə Ekspert şurasının üzvləri, eləcə də aidiyyəti qurumların nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edən Emin Əmrullayev akkreditasiyanın əhəmiyyətini vurğulayaraq, elmi fəaliyyətin keyfiyyətinin artırılması, plagiatla mübarizə və innovativ yanaşmaların tətbiqinin vacibliyini qeyd etmişdir. Bildirilmişdir ki, elmi potensialdan və müasir texnologiyalardan səmərəli istifadə təhsil sahəsində davamlı inkişafın əsas şərtlərindəndir.
Daha sonra Famil Mustafayev akkreditasiya prosesinin hüquqi və təşkilati əsasları barədə məlumat vermiş, bu prosesin elmi müəssisələrdə idarəetmənin və tədqiqatların səmərəliliyinin artırılmasında mühüm rol oynadığını diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, Təhsil İnstitutu tərəfindən təqdim edilən Özünüqiymətləndirmə Hesabatının təhlili əsasında Ali Attestasiya Komissiyasının Rəyasət Heyəti İnstitutun akkreditasiyadan keçmiş hesab edilməsi və ona müvafiq şəhadətnamənin verilməsi barədə qərar qəbul etmişdir.
Sonda akkreditasiya haqqında şəhadətnamə professor Famil Mustafayev tərəfindən Emin Əmrullayevə təqdim edilmişdir.
Digər xəbərlər