Bağla


28 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin yeni təqvim ilində ilk iclası keçirilib.

İclasda müxtəlif elm sahələri üzrə elmi dərəcə iddiaçılarına elmlər doktoru elmi dərəcəsinin və elmi ad iddiaçılarına professor elmi adının verilməsi, Komissiyanın nəzdində fəaliyyət göstərən ekspert şuralarının və elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində yaradılmış bir sıra dissertasiya şuralarının tərkibində dəyişikliklər edilməsi, elmi dərəcə iddiaçılarının dissertasiya müdafiələrinin keçirilməsi məqsədilə bir neçə müəssisə və təşkilatda birdəfəlik dissertasiya şuralarının yaradılması və bu şuralarda müdafiələrin təşkili, elmi dərəcə və elmi ad verilməsi üçün elmi məqalələrin Azərbaycan Respublikasında dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına yeni nəşrlərin daxil edilməsi haqqında məsələlərə baxılıb.

Rəyasət Heyətində “Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”də və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi ilə bağlı təkliflər müzakirə olunub və həmin təkliflərin rəy verilməsi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Azərbaycan Milli Elmlər Akademiyasına təqdim edilməsi qərara alınıb.

İclasda, həmçinin “Xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi Cədvəli”nə dəyişiklik edilməsi və xarici dil üzrə fəlsəfə doktoru imtahanında keçid balının azaldılaraq 30 bal səviyyəsində müəyyən edilməsi barədə qərar qəbul olunub.

Komissiyanın Rəyasət Heyəti bir neçə ixtisas fənləri üzrə fəlsəfə doktoru imtahanları proqramlarının təsdiq edilməsi barədə qərar qəbul edib.

Rəyasət Heyətində elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin dissertasiya şuralarında müdafiələrin təşkili, elmi dərəcə və elmi ad iddiaçılarının elmi-tədqiqat işlərində aşkar olunan plagiat faktları ilə bağlı məsələ müzakirə olunub, Komissiyanın elmi plagiatlığın qarşısının alınması istiqamətində gördüyü işlər təqdirəlayiq hesab edilib.


28.01.2022





Digər xəbərlər