11 noyabr 2026-cı il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun akkreditasiya nəticələrinin rəsmi elan edilməsi və akkreditasiya haqqında şəhadətnamənin təqdim olunması ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayev, Akkreditasiya üzrə Ekspert Şurasının üzvləri, eləcə də aidiyyəti qurumların nümayəndələri iştirak etmişlər.
Çıxışı zamanı akademik İsa Həbibbəyli akkreditasiya prosesini qurumlararası əməkdaşlığın növbəti addımı kimi qiymətləndirmiş, prosesin təşkili və həyata keçirilməsinə görə Komissiyaya və Akkreditasiya üzrə Ekspert Şurasına təşəkkürünü bildirmişdir. O, akkreditasiya prosesini İnstitutun fəaliyyətinin qiymətləndirilməsi baxımından müsbət dəyərləndirmiş, bu prosesin İnstitutun fəaliyyətinin səmərəliliyinin artırılmasında, çatışmazlıqların vaxtında aradan qaldırılmasında və verilmiş tövsiyələrin nəzərə alınmasında mühüm istiqamətverici rol oynadığını vurğulamışdır. Akkreditasiya üzrə Ekspert Şurasının sədri Mahirə Hüseynova akkreditasiya prosesinin obyektiv və şəffaf şəkildə həyata keçirildiyini vurğulamış, qiymətləndirmənin nəticələri və İnstitutun fəaliyyəti ilə bağlı əsas məqamları diqqətə çatdırmışdır.
Daha sonra Famil Mustafayev akkreditasiya prosesinin hüquqi və təşkilati əsasları barədə məlumat vermiş, bu prosesin elmi müəssisələrdə idarəetmənin və tədqiqatların səmərəliliyinin artırılmasında mühüm rol oynadığını diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən təqdim edilmiş Özünüqiymətləndirmə Hesabatının təhlili, eləcə də Akkreditasiya üzrə Ekspert Şurası tərəfindən müəssisədə aparılmış qiymətləndirmənin nəticələri əsasında Ali Attestasiya Komissiyasının Rəyasət Heyəti İnstitutun akkreditasiyadan keçmiş hesab edilməsi və ona müvafiq şəhadətnamənin verilməsi barədə qərar qəbul etmişdir.
Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayev akkreditasiya haqqında şəhadətnaməni Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyliyə təqdim etmişdir.
Digər xəbərlər