Bağla


8 aprel tarixində Avropa İttifaqının maliyyə dəstəyi ilə Belçika Krallığının “IBF International Consulting” şirkəti və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Azərbaycan Respublikasında elmi müəssisələrin (təşkilatların) akkreditasiyasına hazırlıq məqsədilə “Azərbaycanda təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi müəssisələrin akkreditasiya prosesinin gücləndirilməsi“ layihəsi çərçivəsində 100-dək elmi müəssisə rəhbərinin iştirakı ilə onlayn-seminar keçirilmişdir. 
Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarının, Azərbaycan Respublikasının təhsil, kənd təsərrüfatı, səhiyyə, müdafiə sənayesi, iqtisadiyyat, ədliyyə, mədəniyyət, rəqəmsal inkişaf və nəqliyyat, maliyyə, fövqəladə hallar nazirliklərinin, dövlət komitələri və səhmdar cəmiyyətlərin tabeliyində olan elmi müəssisə və təşkilatların rəhbərlərinin iştirakı ilə keçirilmiş tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev ölkənin elmi müəssisə və təşkilatlarının akkreditasiyası ilə bağlı qarşıda duran vəzifələrdən, akkreditasiyaya hazırlıq mərhələsində görüləcək işlərdən danışmışdır.
Layihə rəhbəri, İBF konsorsiumun təmsilçisi İlkin Nəzərov layihə çərçivəsində həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat vermiş, iştirakçıları elmi müəssisə və təşkilatların akkreditasiyası üzrə onlayn-platformanın quruluşu və məzmunu ilə tanış etmişdir.
Akkreditasiya üzrə baş ekspert Akim Hopbax akkreditasiyanın prosedur qaydaları, elmi müəssisə və təşkilatların rəhbər işçilərinin üzərinə düşən vəzifələr, özünüqiymətləndirmə hesabatının hazırlanması ilə bağlı tələblər, yerlərdə aparılacaq müsahibələr barədə geniş məlumat vermiş, seminar iştirakçılarının çoxsaylı suallarını ətraflı cavablandırmışdır.
Qeyd edilməlidir ki, layihə çərçivəsində Azərbaycanda fəaliyyət göstərən 102 elmi müəssisə və təşkilatın akkreditasiyası nəzərdə tutulur. Onlardan 9-u fizika-riyaziyyat, 19-u texnika, 7-si yer, 15-i kimya və biologiya, 10-u aqrar, 12-si tibb və 30-u humanitar və ictimai elmlər üzrə fəaliyyət göstərən müəssisələrdir. Hazırda Ali Attestasiya Komissiyası AMEA, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan 3 müəssisənin akkreditasiyasını həyata keçirir.


08.04.2022





Digər xəbərlər