Bağla


08 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun akkreditasiyası nəticələrinin rəsmi elan edilməsi və İnstituta akkreditasiya haqqında şəhadətnamənin təqdim edilməsi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Elm və Təhsil naziri cənab Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri professor Anar İsgəndərov, Geologiya və Geofizika İnstitutunun baş direktoru AMEA-nın həqiqi üzvü Akif Əlizadə, o cümlədən Akkreditasiya üzrə Ekspert şurasının üzvləri, Nazirliyin, Komissiyanın və İnstitutun vəzifəli şəxsləri, yüksəkixtisaslı əməkdaşları iştirak etmişlər.

Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev akkreditasiyanın keçirilməsi proseduru, elmi müəssisə və təşkilatların akkreditasiyasının keçirilməsini tənzimləyən normativ-hüquqi aktların ölkədə həyata keçirilən islahatlar çərçivəsində təkmilləşdirilməsi, bu sahədə Komissiyanın fəaliyyəti barədə ətraflı məlumat vermiş, akkreditasiya prosesinin müəssisələrdə elmi fəaliyyətin təşkili və idarə edilməsinin, elmi proqramların və elmi tədqiqatların səmərəliliyinin təmin edilməsində xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Təqdimatda Geologiya və Geofizika İnstitutunun akkreditasiya nəticəsində fəaliyyətinin qiymətləndirilməsi prosesinin gedişatı, Akkreditasiya üzrə Ekspert Şurası tərəfindən verilmiş tövsiyələrin İnstitut tərəfindən icrasının nəticələri barədə məlumat verilmişdir. Bildirilmişdir ki, müvafiq tövsiyələrin icrasına dair İnstitut tərəfindən təqdim edilmiş Özünüqiymətləndirmə Hesabatının təhlili nəticəsində Ali Attestasiya Komissiyasının Rəyasət Heyəti Geologiya və Geofizika İnstitutunun akkreditasiyadan keçmiş hesab edilməsi və elmi müəssisəyə akkreditasiya haqqında şəhadətnamənin verilməsi barədə qərar qəbul etmişdir.

Daha sonra elm və təhsil naziri Emin Əmrullayev və Milli Məclisin Elm və təhsil komitəsinin sədri professor Anar İsgəndərov çıxış edərək akkreditasiya prosesinin respublikamızın elmi müəssisə və təşkilatlarının fəaliyyəti və idarə olunmasında keyfiyyət sisteminin yaxşılaşdırılması istiqamətində əhəmiyyətini və vacibliyini vurğulamaqla akkreditasiyadan keçməsi münasibətilə İnstitutu təbrik etmişlər.   

Tədbirin sonunda Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayev akkreditasiya haqqında şəhadətnaməni Geologiya və Geofizika İnstitutunun baş direktoru AMEA-nın həqiqi üzvü Akif Əlizadəyə təqdim etmişdir.


08.10.2024





Digər xəbərlər