13 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında 12 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 48 iddiaçıya diplomlar və attestatların təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Tədbirdə müasir Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Komissiyanın sədri, professor Famil Mustafayev Azərbaycanda elmi dərəcələrin və elmi adların verilməsi ilə bağlı geniş məlumat verib.
Kimya, iqtisad elmləri, coğrafiya, tarix, filologiya elmləri, pedaqogika, fəlsəfə, siyasi elmlər, sənətşünaslıq və memarlıq üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 26 iddiaçıya fəlsəfə doktoru diplomları, tibb elmləri, texnika elmləri, tarix, filologiya elmləri və sənətşünaslıq üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 9 iddiaçıya elmlər doktoru diplomları təqdim olunub.
Fəlsəfə elm sahəsində “Sosial fəlsəfə” ixtisası üzrə 2, filologiya elmləri sahəsində “Dünya ədəbiyyatı (ingilis ədəbiyyatı)”, “German dilləri”, “Azərbaycan ədəbiyyatı”, coğrafiya elm sahəsində “Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası”, iqtisad elmləri sahəsində “Sahə iqtisadiyyatı”, siyasi elmlər sahəsində “Siyasi institutlar və sistemlər”, pedaqogika elm sahəsində “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (riyaziyyatın tədrisi metodikası)” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları, sənətşünaslıq elm sahəsində “Musiqi sənəti”, “Teatr sənəti”, texnika elmləri sahəsində “Kimya texnologiyası və mühəndisliyi” və iqtisad elmləri sahəsində “Texnoloji innovasiyalar iqtisadiyyatı” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya professor attestatları təqdim olunub.
Digər xəbərlər