29 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun akkreditasiyası nəticələrinin rəsmi elan edilməsi və İnstituta akkreditasiya haqqında şəhadətnamənin təqdim edilməsi ilə əlaqədar tədbir keçirilmişdir.
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri cənab Məcnun Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayev, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Elmar Allahverdiyev, Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov, o cümlədən Akkreditasiya üzrə Ekspert şurasının üzvləri, Nazirliyin, Komissiyanın və İnstitutun vəzifəli şəxsləri, yüksəkixtisaslı əməkdaşları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov ilk növbədə 25 dekabr 2024-cü il tarixində baş vermiş təyyarə qəzası nəticəsində dünyasını dəyişən vətəndaşlarımıza Allahdan rəhmət, xəsarət alanlara şəfa diləyərək, onların ailələrinə, doğmalarına dərin hüznlə başsağlığı vermişdir. Nazir Məcnun Məmmədov İnstitutun akkreditasiyadan keçirilməsi səbəbi ilə Ali Attestasiya Komissiyasına öz təşəkkürünü bildirmiş, İnstitututda akkreditasiyanın davamı olaraq, mütəmadi yoxlama və nəzarətin həyata keçirilməsinin, elmi işlərdə plagiatın yoxlanılması üçün xüsusi proqramlardan istifadənin zəruriliyini qeyd etmiş, akkreditasiyadan keçirilmənin İnstitutun fəaliyyətinin stimullaşdırılmasında, aqrar sahənin inkişafında xüsusi əhəmiyyətə malik olduğunu vurğulamışdır. Həmçinin müasir dövrdə aqrar sahənin elmi əsaslarla inkişaf etdirilməsinin və elmi-texniki tərəqqinin aqrar sahəyə tətbiqinin ən mühüm prioritetlərdən sayıldığını qeyd etmişdir. Bildirmişdir ki, kənd təsərrüfatında elm və innovasiyaların tətbiqinin genişləndirilməsi, aqrar sahədə aparılan tədqiqatlar məhsuldarlığın yüksəldilməsi və davamlı inkişafın təmin edilməsində mühüm amillərdən biridir. Elmi potensialdan, müasir yanaşmalardan səmərəli istifadə olunması effektiv nəticələrin əldə edilməsi, ölkədə elmi əsaslı innovativ təsərrüfatların yaradılması prosesini daha da sürətləndirir.
Daha sonra Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev çıxış edərək akkreditasiyanın keçirilməsi proseduru, elmi müəssisə və təşkilatların akkreditasiyasının keçirilməsini tənzimləyən normativ-hüquqi aktların ölkədə həyata keçirilən islahatlar çərçivəsində təkmilləşdirilməsi, bu sahədə Komissiyanın fəaliyyəti barədə ətraflı məlumat vermiş, akkreditasiya prosesinin müəssisələrdə elmi fəaliyyətin təşkili və idarə edilməsinin, elmi proqramların və elmi tədqiqatların səmərəliliyinin təmin edilməsində xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Təqdimatda Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun akkreditasiya nəticəsində fəaliyyətinin qiymətləndirilməsi prosesinin gedişatı, Akkreditasiya üzrə Ekspert Şurası tərəfindən verilmiş tövsiyələrin İnstitut tərəfindən icrasının nəticələri barədə məlumat verilmişdir. Bildirilmişdir ki, müvafiq tövsiyələrin icrasına dair İnstitut tərəfindən təqdim edilmiş Özünüqiymətləndirmə Hesabatının təhlili nəticəsində Ali Attestasiya Komissiyasının Rəyasət Heyəti Tərəvəzçilik-Elmi Tədqiqat İnstitutunun akkreditasiyadan keçmiş hesab edilməsi və elmi müəssisəyə akkreditasiya haqqında şəhadətnamənin verilməsi barədə qərar qəbul etmişdir.
Tədbirin sonunda Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayev akkreditasiya haqqında şəhadətnaməni kənd təsərrüfatı naziri Məcnun Məmmədova təqdim etmişdir.
Digər xəbərlər