Bağla


Martın 3-də Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədovun Qazaxıstan Respublikasının Baş naziri cənab Oljas Bektenov ilə görüşü baş tutub. Qazaxıstan Respublikasının nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası və Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi arasında “Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası arasında elmi nəşrlərin siyahısının formalaşdırılması sahəsində əməkdaşlıq haqqında Memorandum” imzalanıb.

Memorandumu Azərbaycan tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri cənab Famil Mustafayev və Qazaxıstan tərəfdən elm və təhsil naziri cənab Sayasat Nurbek  imzalayıb.

Memoranduma əsasən tərəflər Qazaxıstan və Azərbaycanda dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısının formalaşdırılması, jurnalların siyahıya daxil edilməsi üçün nəzərdə tutulan tələblərin müəyyənləşdirilməsi, eləcə də qurumlararası münasibətlərin möhkəmləndirilməsi üçün əlverişli şəraitin yaradılması və vahid elm məkanının inkişafı məqsədilə əməkdaşlıq edəcəklər. Bununla hər iki ölkənin tədqiqatçıları, yüksəkixtisaslı mütəxəssisləri, elmi və elmi-pedaqoji kadrları bilik mübadiləsi məqsədilə məqalələrini həmin Siyahıya daxil olan elmi jurnallarda dərc etmək üçün imkan əldə edəcəklər.

Memorandumun imzalanma mərasimi çərçivəsində  Qazaxıstan Respublikası ilə ikitərəfli əməkdaşlıq imkanları, eləcə də elm və təhsil sahəsində inkişaf perspektivləri müzakirə edilib, Memorandumun imzalanmasının bu istiqamətdə mühüm bir addım olduğu vurğulanıb.


03.03.2025





Digər xəbərlər