14 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 16 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 39 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamənin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Riyaziyyat, fizika, kimya, biologiya elmləri, aqrar elmlər, tibb elmləri, texnika elmləri, iqtisad elmləri, coğrafiya, filologiya elmləri, pedaqogika, siyasi elmlər, psixologiya və sənətşünaslıq üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 31 iddiaçıya fəlsəfə doktoru diplomları, Tükiyə Respublikası Qazi Universitetinin Sosial Elmlər İnstitutunda iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamə təqdim olunub.
Texnika elmləri sahəsində “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (informasiya texnologiyaları üzrə)”, “Maye, qaz və plazma mexanikası”, kimya elm sahəsində “Qeyri-üzvi kimya”, “Kimyəvi kinetika və kataliz”, tarix elm sahəsində “Vətən tarixi”, sənətşünaslıq sahəsində “Muzeyşünaslıq” və fəlsəfə elm sahəsində “Sosial fəlsəfə” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları təqdim olunub.
Digər xəbərlər