Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən islahatlar, struktur və kadr dəyişiklikləri ölkəmizin ictimai-siyasi həyatını zənginləşdirməklə, sosial-iqtisadi sahədə yeni yüksəlişə təkan verməklə yanaşı, Azərbaycan elminin davamlı və dayanıqlı inkişafının təmin edilməsinə münbit şərait yaradıb. Ölkədə insan kapitalının formalaşması və inkişafında böyük əhəmiyyət kəsb edən elmi kadr potensialının təşəkkül tapması və müasir tələblərə uyğun təkmilləşməsi günümüzün aktual problemidir və onun həlli daim dövlətin diqqət mərkəzindədir.
Dövlət müstəqilliyinin bərpasının ilkin dövründə fəaliyyətə başlayan Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası ölkəmizdə elmi kadr hazırlığında, dövlətimizin elmi potensialının inkişafında mühüm rol oynayır və fəaliyyətini bu gün tamamilə yeni forma və məzmunda qurur.
Ölkə başçısının 2019-cu il 11 iyun tarixli fərmanları ilə təsdiq olunmuş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə” və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə” Ali Attestasiya Komissiyasının fəaliyyətində köklü dəyişikliklərə təkan verib, elmi kadrların attestasiyası ilə bağlı məsələlərə yeni yanaşmanın tətbiqini təmin edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasından AZƏRTAC-a bildirilib ki, qurumun fəaliyyətində baş verən yeniliklərlə bağlı geniş elmi ictimaiyyəti hərtərəfli məlumatlandırmaq, yenilənmiş hüquqi-normativ sənədlərin mahiyyətini açıqlamaq, ali təhsil müəssisələri və elmi təşkilatlarda dissertasiya müdafiələrinin təşkili, elmi dərəcələr və adların verilməsi ilə bağlı prosedur qaydaları şərh etmək məqsədilə elmi və elmi-pedaqoji kollektivlərdə silsilə görüşlər keçirilir, alim və tədqiqatçıları, xüsusilə də elmi dərəcə və elmi ad iddiaçılarını düşündürən məsələlərə aydınlıq gətirilir.
Bu məqsədlə Ali Attestasiya Komissiyasının sədri, professor Famil Mustafayevlə Bakı Dövlət Universitetində, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Dillər Universitetində və Bakı Slavyan Universitetində görüşlər təşkil olunub.
AMEA institutlarının rəhbərləri, təcrübəli alim və tədqiqatçılar, universitetlərin professor-müəllim heyətinin üzvləri ilə yanaşı, doktorant və dissertantların, elmi araşdırmalarda ilk addımlarını atan gənc mütəxəssislərin iştirakı ilə keçirilmiş görüşlərdə AMEA-nın prezidenti akademik Ramiz Mehdiyev, universitet rektorları Elçin Babayev, professor Cəfər Cəfərov, akademik Kamal Abdullayev və professor Nurlana Əliyeva Ali Attestasiya Komissiyasının fəaliyyətinin yenidən təşkili ilə bağlı atılan addımların ölkədə həyata keçirilən köklü islahatların ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıblar.
Elm və təhsil ocaqlarında böyük maraqla qarşılanan bu tədbirlərdə elmi və elmi-pedaqoji kadrların attestasiyası – elmi dərəcə və elmi adların verilməsi prosesini tənzimləyən yenilənmiş hüquqi-normativ sənədlər, prosedur qaydalar və təlimatlar barədə geniş məlumat verilib. Qeyd olunub ki, komissiyanın nüfuzunun bərpa olunması və daha da möhkəmləndirilməsi, elmi adların və elmi dərəcələrin verilməsi prosesinin şəffaflaşdırılması və təkmilləşdirilməsi, müasir standartlara uyğunlaşdırılması istiqamətində atılan hər bir addım ölkə Prezidentinin rəhbərliyi altında və bilavasitə dəstəyi ilə həyata keçirilir. Komissiyanın sədri elmi dərəcələr və elmi adların verilməsi ilə bağlı qaydaların müəyyənləşdirilməsində rəhbərlik etdiyi qurumun bir sıra ölkələrin, o cümlədən Almaniya, Fransa, Türkiyə, Rusiya, Belarus, Ukrayna, Qazaxıstan, Çin, Koreya və digər dövlətlərin təcrübəsindən yararlandığını diqqətə çatdırıb.
AAK sədri F.Mustafayev komissiyanın fəaliyyətinə dair məlumatları auditoriyaya müqayisəli şəkildə təqdim edib, elmi dərəcə və elmi adların verilməsi ilə bağlı yeni qaydaların əvvəlki qaydalardan, yeni forma və məzmunlu attestasiya sənədlərinin – diplomlar, attestatlar və şəhadətnamələrin ötən illərdəki sənədlərdən nə ilə fərqləndiyini, dissertasiya şuraları və elmi seminarların fəaliyyətində yeniliklərin nədən ibarət olduğunu diqqətə çatdırıb.
Qeyd edilib ki, son ilyarım ərzində Komissiyanın Kollegiyası və Rəyasət Heyətində 2500-yə yaxın işə (o cümlədən elmi dərəcə və elmi adların verilməsi, dissertasiya müdafiələrinin təşkili və elmi rəhbərliklə bağlı icazələrin verilməsi, dissertasiya işlərini xaricdə müdafiə etmiş iddiaçıların müvafiq sənədlərinin təsdiq edilməsi və s.) baxılmaqla yanaşı, aparılan müşahidələr və analitik təhlil nəticəsində ümumi həcmi 300 səhifədən çox prosedur qaydalar, normativ sənədlər və təlimatlar hazırlanıb, elmi dərəcə və elmi adların verilməsi, ölkə hüdudundan kənarda verilən sənədlərin tanınması, elmi seminarların təşkili və keçirilməsi mexanizmləri yenilənib, iddiaçılardan tələb olunan sənədlərdə mücərrədliyin aradan qaldırılması istiqamətində ciddi addımlar atılıb. Bildirilib ki, 2019-cu ildə elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində dissertasiya şuraları fəaliyyət göstərməsə də, ötən illərdə dissertasiyalarını müdafiə etmiş iddiaçılara 339 fəlsəfə doktoru və 57 elmlər doktoru, elmi ad iddiaçılarına 635 dosent və 71 professor attestatı təqdim edilib. Hazırda Ali Attestasiya Komissiyası tərəfindən müəssisə və təşkilatların müraciəti əsasında müxtəlif elm sahələrinə aid ixtisaslar üzrə fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsi üçün 71 Dissertasiya şurası yaradılıb, elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin daxil olduğu beynəlxalq xülasələndirmə və indeksləmə sistemləri və ya bazalarından istifadə imkanları genişləndirilib, elmi məqalələrin ölkədə dərc olunması tövsiyə olunan dövri elmi nəşrlər siyahısı yenilənib.
F.Mustafayev Ali Attestasiya Komissiyası ilə elmi müəssisə və təşkilatlar, ali məktəblər arasında qarşılıqlı əməkdaşlığın həm elmi, həm də elmi-pedaqoji kadr hazırlığının təkmilləşməsinə, ali təhsil ocaqlarının elmi potensialının möhkəmlənməsinə, elmi araşdırmaların səviyyəsinin yüksəldilməsinə xidmət edəcəyinə əmin olduğunu bildirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin elm və təhsil müəssisələrində alim və tədqiqatçılarla görüşləri davamlı xarakter daşıyır. Elmi dərəcə və elmi ad iddiaçıları, gənc alim və tədqiqatçılar üçün faydalı ola biləcək bu görüşlərin yalnız paytaxtda deyil, həm də bölgələrdə keçirilməsi nəzərdə tutulur.
Digər xəbərlər