Fevralın 27-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri Famil Mustafayevlə görüş keçirilib. ADU-nun professor-müəllim heyətinin və gənc tədqiqatçıların iştirak etdikləri tədbiri giriş sözü ilə açan rektor, akademik Kamal Abdullayev rəhbərlik etdiyi ali təhsil ocağının ölkəmizdə elmi potensialın inkişafına xidmət göstərən Ali Attestasiya Komissiyası ilə sıx əməkdaşlıq etdiyini qeyd edərək deyib: “Ali Attestasiya Komissiyası yeni tələb və təklifləri ilə işin keyfiyyətinin artması yönündə son dərəcə vacib və əhəmiyyətli qərarlar qəbul edib. Bu qərarların Azərbaycan elminin inkişafında müstəsna faydasını biz gələcək illərdə görəcəyik. Elmin əvvəlki nüfuzunun bərpa olunması və ona olan marağın artırılması qarşıda duran əsas prioritet məsələlərdəndir”. Komissiyanın yeni rəhbərliyinin imza atdığı yeniliklərdən, elmi adların və elmi dərəcələrin verilməsi prosesində şəffaflığın və obyektivliyin təmin edilməsi istiqamətində atılan addımlardan bəhs edən rektor Ali Attestasiya Komissiyası sədrinin universitet kollektivi ilə görüşünün faydalı olacağına əmin olduğunu bildirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev Komissiyanın fəaliyyətinin yenidən təşkili ilə bağlı atılan addımların ölkə Prezidentinin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən struktur dəyişikliklərin ayrılmaz tərkib hissəsi olduğunu qeyd edib, elmi dərəcə və elmi adların verilməsi prosesini tənzimləyən yenilənmiş hüquqi-normativ sənədlər, prosedur qaydalar və təlimatlar barədə tədbir iştirakçılarına geniş məlumat verib. O deyib: “Hər sahədə olduğu kimi, elm sahəsində də yeniliklərin və müasir normativ tələblərin yerinə yetirilməsinə ehtiyac var. Bu mənada təklif olunan yeniliklər və tələblər bizim üçün çox önəmlidir. Ümid edirik ki, gənc alimlərin yetişməsində və onların elmi bacarıqlarının daha da inkişaf etdirilməsində bu dəyişikliklərin müstəsna rolu olacaq”.
Sonda Komissiyanın sədri tədbirdə iştirak edən alimlərin, elmi dərəcə və elmi ad iddiaçılarının çoxsaylı suallarını cavablandırıb.
Digər xəbərlər