Bağla


Fevralın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri Famil Mustafayevlə görüş keçirilib. ADPU-nun Heydər Əliyev Mərkəzində universitet rəhbərliyinin, professor-müəllim heyəti üzvlərinin və gənc tədqiqatçıların iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan rektor Cəfər Cəfərov elmi və elmi-pedaqoji kadrların attestasiyasını həyata keçirməklə ölkəmizdə elmi potensialın inkişafına xidmət göstərən Ali Attestasiya Komissiyasının əsas fəaliyyət istiqamətlərindən, onun yeni rəhbərliyinin elmi adların və elmi dərəcələrin verilməsi prosesində obyektivliyin və şəffaflığın təmin edilməsi, müasir tələblərə uyğunlaşdırılması istiqamətində atdığı addımlardan bəhs edib.

 

Rektor Ali Attestasiya Komissiyası sədrinin elmi-pedaqoji ictimaiyyətlə növbəti görüşünün ölkəmizdə yüksəkixtisaslı müəllim hazırlığını həyata keçirən ali məktəblər sırasında yüksək elmi potensialı, ixtisas rəngarəngliyi ilə seçilən Pedaqoji Universitetdə keçirilməsinin həm professor-müəllim heyəti, həm də gənc tədqiqatçılar üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev rəhbərlik etdiyi qurumla ADPU arasında qarşılıqlı əməkdaşlığın elmi-pedaqoji kadr hazırlığının təkmilləşməsinə, universitetin elmi potensialının möhkəmlənməsinə, pedaqoji araşdırmaların səviyyəsinin yüksəldilməsinə xidmət edəcəyinə əmin olduğunu bildirib, Komissiyanın fəaliyyətinin yenidən təşkili ilə bağlı atılan addımların ölkə Prezidentinin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən struktur dəyişikliklərin ayrılmaz tərkib hissəsi olduğunu qeyd edib, elmi dərəcə və elmi adların verilməsi prosesini tənzimləyən yenilənmiş hüquqi-normativ sənədlər, yeni qaydalar və təlimatlar barədə geniş məlumat verib.

 

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev təmsil etdiyi Nazirliyin Ali Attestasiya Komissiyası ilə sıx əməkdaşlıq etdiyini bildirib və bu əməkdaşlığın ali təhsil müəssisələrində kadr potensialının yüksəlməsinə, universitet elminin inkişafına xidmət göstərdiyini qeyd edib.

 

Sonda tədbir iştirakçılarının çoxsaylı sualları ətraflı cavablandırılıb.


25.02.2020





Digər xəbərlər