Bağla


Fevralın 12-də Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri Famil Mustafayevlə görüş keçirilib. BDU-nun rəhbərliyi, professor-müəllim heyəti üzvləri və gənc tədqiqatçıların iştirak etdikləri tədbiri giriş sözü ilə açan rektor Elçin Babayev öz fəaliyyətində elm və təhsilin vəhdətini əks etdirən, ölkəmizdə elmi potensialın inkişafına xidmət göstərən Ali Attestasiya Komissiyasının yeni rəhbərliyinin fəaliyyətindən, Komissiyanın işindəki yeniliklərdən, onun nüfuzunun bərpa olunması və daha da möhkəmləndirilməsi, elmi adların və elmi dərəcələrin verilməsi prosesinin şəffaflaşdırılması və təkmilləşdirilməsi, müasir standartlara uyğunlaşdırılması istiqamətində atılan addımlardan bəhs edib. Rektor Ali Attestasiya Komissiyası sədrinin elm və təhsil müəssisələrində görüşlərə məhz Ümummilli lider Heydər Əliyevin məzunu olduğu Bakı Dövlət Universitetindən başlamasının rəmzi məna daşıdığını qeyd edib.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev rəhbərlik etdiyi qurumla BDU arasında qarşılıqlı əməkdaşlığın universitetin elmi potensialının möhkəmlənməsinə, elmi araşdırmaların səviyyəsinin yüksəldilməsinə xidmət edəcəyinə əmin olduğunu bildirib, Komissiyanın fəaliyyətinin yenidən təşkili ilə bağlı atılan addımların ölkə Prezidentinin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən struktur dəyişikliklərin ayrılmaz tərkib hissəsi olduğunu qeyd edib, elmi dərəcə və elmi adların verilməsi prosesini tənzimləyən yenilənmiş normativ sənədlər, prosedur qaydalar və təlimatlar barədə geniş məlumat verib.

 

Sonda tədbir iştirakçılarının çoxsaylı sualları ətraflı cavablandırılıb.


12.02.2020





Digər xəbərlər