16 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) elmi dərəcə və elmi ad almış iddiaçılara diplom, attestat və şəhadətnamələrin təqdimatı keçirilmişdir. Tədbirdə 27 sentyabr 2020-ci il tarixindən cəbhə xəttində Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində başlayan irimiqyaslı döyüşlərdə şəhid olmuş hərbçilərin və mülki əhali arasında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Karantin rejimi qaydalarına əməl olunmaqla təşkil edilmiş görüşdə AAK-ın sədri Famil Mustafayev ümumilikdə 10 elm sahəsi (hüquq, siyasi, pedaqogika, tarix, kimya, sənətşünaslıq, riyaziyyat, iqtisad, tibb və filologiya elmləri) üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 19 iddiaçıya fəlsəfə doktoru diplomlarını, xarici ölkədə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnaməni təqdim etmişdir. Filologiya elmləri və sənətşünaslıq sahəsində elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və elmi dərəcə almış 3 iddiaçıya müvafiq diplomlar və xarici ölkədə elmlər doktoru elmi dərəcəsi almış 1 iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamə təqdim olunmuşdur. Tədbirdə 4 ixtisas üzrə dosent elmi adına layiq görülən 4 nəfərə və professor elmi adını almış 2 nəfərə müvafiq attestatlar təqdim edilmişdir.
Digər xəbərlər