Bağla


10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) elmi dərəcə və elmi ad almış iddiaçılara diplom və attestatların təqdimatı keçirilmişdir.

AAK-ın sədri Famil Mustafayev tədbir iştirakçılarını Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun erməni işğalçıları üzərində parlaq qələbəsi münasibətilə təbrik etdikdən sonra döyüşlərdə şəhid olmuş hərbçilərin və mülki əhali arasında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Əlamətdar günə təsadüf edən və karantin rejimi qaydalarına əməl olunmaqla təşkil edilən görüşdə AAK sədri ümumilikdə 10 elm sahəsi (hüquq, psixologiya, biologiya, tarix, kimya, sənətşünaslıq, texnika, iqtisad, tibb və filologiya elmləri) üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 26 iddiaçıya fəlsəfə doktoru diplomlarını, xarici ölkədə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 3 iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələri təqdim etmişdir.

Filologiya və iqtisad elmləri sahəsində elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və elmi dərəcə almış 3 iddiaçıya müvafiq diplomlar, 5 ixtisas (Azərbaycan dili, türk dilləri, cərrahlıq, hərbi nəzəri və hərbi xüsusi elmlər) üzrə dosent elmi adına layiq görülən 7 nəfərə müvafiq attestatlar təqdim edilmişdir


10.11.2020





Digər xəbərlər