Bağla


22 və 26 yanvar tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının təşkilatçılığı ilə “Xüsusi karantin rejimində dissertasiya şuralarının fəaliyyətinin təşkili” mövzusunda onlayn-iclaslar keçirilmişdir. Karantin rejimi qaydalarına əməl olunmaqla keçirilmiş iclaslarda ölkənin 21 ali təhsil müəssisəsinin, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan 32 elmi müəssisə və təşkilatın rəhbərləri, dissertasiya şuralarının sədrləri və elmi katibləri, Komissiyanın əməkdaşları, ümumilikdə 170 nəfərdən çox müəssisə rəhbəri, alim və tədqiqatçı iştirak etmişdir.

Məruzə ilə çıxış edən Komissiyanın sədri professor Famil Mustafayev bildirilmişdir ki, ölkənin 53 elmi müəssisəsi (təşkilatı) və ali təhsil müəssisəsində 17 elm sahəsində 138 ixtisas üzrə 76 dissertasiya şurası, eləcə də 40 ixtisas üzrə 35 birdəfəlik dissertasiya şurası yaradılmışdır. Dissertasiya şuralarına ümumilikdə 1798 yüksəkixtisaslı mütəxəssis, o cümlədən AMEA-nın 48 həqiqi üzvü və 62 müxbir üzvü cəlb edilmişdir.

Famil Mustafayev tədbir iştirakçılarını Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair Metodiki göstərişlər”i əsasında hazırlanmış “Xüsusi karantin rejimi dövründə dissertasiya şuralarında müdafiələrin təşkili və keçirilməsinə dair Tələblər”lə tanış etmiş, Komissiyanın mövcud şəraiti nəzərə alaraq hazırladığı “Tələblər”ə əsasən müdafiələrin dissertasiya şurası üzvlərinin və digər şəxslərin müdafiənin keçiriləcəyi zalda qismən əyani iştirakı (yaşı 65-dən yuxarı olmamaqla), eyni zamanda distant qoşulmaları təmin olunmaqla təşkil ediləcəyi barədə və gizli səsvermənin Komissiyanın rəsmi internet saytı üzərindən elektron qaydada həyata keçirilməsi mexanizmi haqqında təfsilatlı məlumat vermişdir.

Tədbirlərin sonunda Komissiyanın sədri iştirakçıların çoxsaylı suallarını ətraflı cavablandırmışdır.


26.01.2021





Digər xəbərlər