Bağla


    Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”yə müvafiq olaraq fəlsəfə doktoru imtahanlarının verilməsi iddiaçının dissertasiya müdafiəsinə buraxılması üçün mütləq şərtdir və dissertasiyanın ilkin müzakirəsinədək verilir. Həmin Əsasnamənin tələblərinin icrası məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilmiş “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası”nda xarici dil üzrə fəlsəfə doktoru imtahanının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi təsbit edilmişdir. Bununla yanaşı iddiaçılar tərəfindən dil bilikləri üzrə ümumavropa çərçivə sənədinin (The Common European Framework of Reference for Languages - CEFR) B2 və ya daha yüksək səviyyəsinə müvafiq beynəlxalq dil sertifikatı (IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG) təqdim edildiyi halda həmin sertifikatların qüvvədə olduğu müddətdə onların xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunduqları nəzərdə tutulmuşdur. Beynəlxalq dil sertifikatlarının imtahan nəticələrinin keçid balına ekvivalentliyi Komissiya tərəfindən müəyyən edilir.  

   Xarici dil üzrə doktoranturaya (dissertanturaya) qəbul imtahanının və xarici dil üzrə fəlsəfə doktoru imtahanının qanunvericiliklə müəyyən edilən iki müxtəlif imtahan mərhələsi olduğu, imtahanların eyni məzmun və strukturda keçirildiyi əsas tutularaq xarici dil üzrə fəlsəfə doktoru imtahanının keçid balı müəyyən edilərkən doktoranturaya (dissertanturaya) qəbul zamanı xarici dil imtahanının keçid balı nəzərə alınmışdır. Buna müvafiq olaraq, doktoranturaya (dissertanturaya) qəbul zamanı Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən xarici dil imtahanının keçid balının 25 olduğu əsas götürülərək xarici dil üzrə fəlsəfə doktoru imtahanının keçid balının 35 müəyyən edilməsi məqsədəuyğun hesab edilmişdir. Doktoranturaya (dissertanturaya) qəbul zamanı 35 və daha yüksək bal toplamış iddiaçıların həmin imtahanı verdikləri tarixdən beş il müddətində dissertasiyalarını ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunduqları Komissiya tərəfindən “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası”nda müəyyən edilmişdir.

    Xarici dildən fəlsəfə doktoru imtahanını verməmiş, xüsusi karantin rejiminin tətbiq edildiyi dövrə qədər imtahanın nəticəsinin etibarlılıq müddəti başa çatmış, doktoranturaya (dissertanturaya) qəbul zamanı Dövlət İmtahan Mərkəzində xarici dil imtahanından 35‑dən az bal toplamış doktorantlar (dissertantlar) dissertasiyalarını ilkin müzakirəyə təqdim edənədək xarici dil üzrə fəlsəfə doktoru imtahanını öz istəklərinə uyğun olaraq Dövlət İmtahan Mərkəzində verməklə müvafiq şəhadətnamə əldə edə və ya xarici dil üzrə B2 və ya daha yüksək səviyyəli beynəlxalq dil sertifikatını təqdim edə bilərlər.

    Xüsusi karantin rejiminin tətbiq edildiyi dövrə qədər fəlsəfə doktoru imtahanları nəticələrinin etibarlılıq müddəti başa çatmamış iddiaçılara münasibətdə Komissiyanın Rəyasət Heyətinin müvafiq qərarına əsasən fəlsəfə doktoru imtahanlarının nəticələrinin etibarlılıq müddəti xüsusi karantin rejimi bitdikdən sonra həmin rejimin qüvvədə olma müddəti qədər uzadılacaqdır.


05.02.2021





Digər xəbərlər