17 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayevin yeni tərkibdə yaradılmış Ekspert şuralarının sədrləri ilə distant görüşü keçirilmişdir.
Komissiyanın sədri müxtəlif elm sahələri üzrə 15 Ekspert şurasına rəhbərlik edən alim və tədqiqatçıları fəaliyyətə başlamaları münasibətilə təbrik etmiş və Ekspert şuralarının qarşısında qoyulmuş vəzifələrə uyğun olaraq Komissiyaya qərəzsizlik və obyektivlik prinsiplərinə əməl etməklə tövsiyələr verəcəklərinə əmin olduğunu bildirmişdir.
Ekspert şuralarının sədrlərini Komissiyanın Rəyasət Heyətinin qərarı ilə təsdiq edilmiş “Ekspert şuraları haqqında Əsasnamə”si ilə tanış edən Famil Mustafayev şuraların fəaliyyətini tənzimləyən bu sənədin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin müvafiq bəndlərinə uyğun olaraq hazırlandığını bildirmişdir.
Komissiyanın sədri Ekspert şuralarının sədrlərinə şuraların vəzifələri və hüquqları, formalaşdırılması və fəaliyyət istiqamətləri, onların fəaliyyətinə nəzarətin təşkili barədə geniş məlumat vermişdir.
Tədbirin sonunda görüş iştirakçılarının çoxsaylı sualları ətraflı cavablandırılmışdır.
Digər xəbərlər