7 may 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) elmi dərəcə və elmi ad almış iddiaçılara diplom və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamənin təqdim edilməsi ilə bağlı tədbir keçirilmişdir.
Karantin rejimi qaydalarına əməl olunmaqla təşkil olunan görüşdə 10 elm sahəsi üzrə 15 nəfərə diplom, attestat və şəhadətnamələr təqdim edilmişdir.
Tarix, pedaqogika, filologiya, siyasi elmlər, texnika və tibb elmləri üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 10 iddiaçıya fəlsəfə doktoru diplomları, Türkiyədə fəlsəfə elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamə təqdim olunmuşdur.
“Ümumi iqtisadiyyat” ixtisası üzrə dosent elmi adı almış 1 iddiaçıya dosent attestatı, “Hərbi xüsusi elmlər”, “Etika” və “İncəsənətin nəzəriyyəsi, təhlili və tənqidi” ixtisasları üzrə professor elmi adına layiq görülmüş 3 iddiaçıya professor attestatları təqdim edilmişdir.
Komissiyanın sədri Famil Mustafayev elmi dərəcə və elmi ad almış tədqiqatçıları təbrik etmiş, onlara elmi və elmi-pedaqoji fəaliyyətlərində yeni uğurlar arzulamışdır.
Digər xəbərlər