9 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) elmi dərəcə və elmi ad almış iddiaçılara diplom və attestatların, xarici ölkələrdə verilmiş elmi dərəcə haqqında sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Karantin rejimi qaydalarına əməl olunmaqla təşkil olunan görüşdə 16 elm sahəsi üzrə 29 nəfərə diplom, attestat və şəhadətnamələr təqdim edilib.
Biologiya, coğrafiya, fizika, iqtisad, tarix, tibb və pedaqogika elmləri üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 7 iddiaçıya fəlsəfə doktoru diplomları, Türkiyədə biologiya və tarix, ABŞ-da texnika və Fransada əczaçılıq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 5 iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.
Kimya, pedaqogika, texnika və siyasi elmlər üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və Komissiya tərəfindən elmi dərəcə verilmiş 4 iddiaçı elmlər doktoru diplomlarına layiq görülüblər.
“Ümumi iqtisadiyyat”, “İnformasiya ölçmə və idarəetmə sistemləri”, “Kompüter elmləri”, “Kompozit materialların kimyası və texnologiyası”, “Meyvəçilik və üzümçülük”, “Arxeologiya”, “Dinin tarixi və fəlsəfəsi”, “Türk xalqları ədəbiyyatı”, “Roman dilləri”, “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası”, “Musiqi sənəti”, “Texniki estetika və dizayn” ixtisasları üzrə dosent elmi adı almış 13 iddiaçıya dosent attestatları təqdim olunub.
Digər xəbərlər