1 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) elmi dərəcə və elmi ad almış iddiaçılara diplom və attestatların, xarici ölkələrdə verilmiş elmi dərəcə haqqında sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Tədbirdə 15 elm sahəsi üzrə 31 nəfərə diplom, attestat və şəhadətnamələr təqdim edilib.
Tarix, filologiya, pedaqogika, sənətşünaslıq, fizika, riyaziyyat, tibb, kimya, biologiya, iqtisad və yer elmləri üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 13 iddiaçıya fəlsəfə doktoru diplomları, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Bristol Universitetində hüquq elmləri, Almaniya Federativ Respublikasının Georq-Avqust adına Göttingen Universitetində və Ukraynanın Yuri Fedkoviç adına Çernovetsı Milli Universitetində siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 3 iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.
Filologiya, riyaziyyat, tarix və biologiya elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və Komissiya tərəfindən elmi dərəcə verilmiş 6 iddiaçı elmlər doktoru diplomlarına layiq görülüblər.
“Neft kimyası”, “Torpaqşünaslıq”, “Botanika”, “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (kompüter mühəndisliyi üzrə)”, “Mülki hüquq; sahibkarlıq hüququ; ailə hüququ; beynəlxalq xüsusi hüquq” və “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (ingilis dilinin tədrisi metodikası)” ixtisasları üzrə dosent elmi adını almış 6 iddiaçıya dosent attestatları, “Beynəlxalq münasibətlər”, “Vətən tarixi” və “Sahə iqtisadiyyatı” ixtisasları üzrə professor elmi adını almış 3 iddiaçıya professor attestatları təqdim olunub.
Digər xəbərlər