22 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) elmi dərəcə və elmi ad almış iddiaçılara diplom və attestatların, xarici ölkələrdə verilmiş elmi dərəcə haqqında sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Tədbirdə 9 elm sahəsi üzrə 23 nəfərə diplom, attestat və şəhadətnamələr təqdim edilib.
Fizika, riyaziyyat, texnika, iqtisad və filologiya elmləri üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 5 iddiaçıya fəlsəfə doktoru diplomları, Rusiyada tibb elmləri və Türkiyədə iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 2 iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.
Fizika, riyaziyyat, texnika və tibb elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və Komissiya tərəfindən elmi dərəcə verilmiş 4 iddiaçı elmlər doktoru diplomlarına layiq görülüblər.
Filologiya elmləri sahəsində “Azərbaycan dili”, “Azərbaycan ədəbiyyatı” və “Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid” ixtisasları üzrə 4 iddiaçıya, texnika elmləri sahəsində “Təbii mühitə, maddələrə, materiallara və məmulatlara nəzarət cihazları və üsulları” və “Gəmiqayırma və gəmi təmiri texnologiyası” ixtisasları üzrə 2, tibb elmləri sahəsində “Cərrahlıq” və “Şüa diaqnostikası və terapiyası” ixtisasları üzrə 2, iqtisad elmləri sahəsində “Ümumi iqtisadiyyat” ixtisası üzrə 2 iddiaçıya, tarix elmləri sahəsində “Vətən tarixi” və psixologiya sahəsində “Sosial psixologiya” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları təqdim olunub.
Digər xəbərlər