Bağla


7 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Avropa İttifaqının maliyyə dəstəyi ilə “Azərbaycanda təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi müəssisələrin akkreditasiya prosesinin gücləndirilməsi“ layihəsinin açılış konfransı keçirilmişdir.

“IBF International Consulting” şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilən layihənin məqsədi Avropanın qabaqcıl təcrübəsinə uyğun olaraq təhsilin doktorantura səviyyəsində daxili və xarici keyfiyyət təminatı prosesinin qurulması və elmi müəssisələrin akkreditasiyası üzrə yeni mexanizmlərin tətbiqini təşkil etməkdir. Bu məqsəd çərçivəsində keyfiyyət təminatı və akkreditasiya ilə bağlı qaydaların hazırlanması, kadrların bacarıqlarının artırılması və akkreditasiya prosesinin rəqəmsallaşdırılması nəzərdə tutulur.

Layihə Azərbaycan Respublikası hökuməti və Avropa İttifaqı Komissiyası arasında imzalanmış Maliyyə Sazişi (“Azərbaycanda məşğulluq üçün təhsil”) çərçivəsində həyata keçirilir. ”Azərbaycanda məşğulluq üçün təhsil - 2018” illik fəaliyyət proqramı (ENI/2018/041-537) Avropa qonşuluq və tərəfdaşlıq aləti çərçivəsində maliyyələşdirilir.

Açılış konfransında Ali Attestasiya Komissiyasının sədri cənab Famil Mustafayev Azərbaycanda elmin inkişafı və doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi müəssisələrin akkreditasiya prosesinin gücləndirilməsi istiqamətində islahatlar haqqında məlumat verdi.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri cənab Kəstutis Yankauskas öz nitqində Avropa İttifaqının Azərbaycanda elmin və təhsilin inkişafına göstərdiyi dəstək haqqında ətraflı məlumat təqdim etdi.

Layihə rəhbəri cənab İlkin Nəzərov layihənin əsas məqsədləri, fəaliyyət planı və hədəfləri haqqında məlumatları konfrans iştirakçılarının nəzərinə çatdırdı. Layihənin baş eksperti cənab Akim Hopbax təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi müəssisələrin akkreditasiyası sahəsində Avropa təcrübəsi haqqında ətraflı məlumatla çıxış etdi, bu sahədə Xorvatiya, Almaniya və Çexiya Respublikasının təcrübəsini konfrans iştirakçılarının diqqətinə çatdırdı.

Hazırda Azərbaycanda 104 elmi müəssisə fəaliyyət göstərir və layihə çərçivəsində həmin elmi müəssisələrin akkreditasiya prosesinin həyata keçirilməsi və təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur. Layihə icrası dövründə bir neçə elmi müəssisənin pilot akkreditasiyasının həyata keçirilməsi gözlənilir.

Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Emin Əmrullayev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, səhiyyə naziri səlahiyyətlərini icra edən, nazirin birinci müavini Teymur Musayev, kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentləri, ali təhsil müəssisələrinin rektorları, elmi müəssisə və təşkilatların direktorları iştirak ediblər.

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayevin çıxışı

 

Elmi müəssisə və təşkilatların akkreditasiyası işinin təşkili

 

Məlumdur ki, cəmiyyət və həyatın bütün sahələrini əhatə edən proseslərin dərk edilməsində elmin rolu və əhəmiyyəti əvəzolunmazdır. Son dövrlərdə iqlim dəyişikliyi,

iqtisadi böhranlar, pandemiya kimi geniş əhatəli geosiyasi problemlərlə dünya qeyri-müəyyənlik fonunda misilsiz dəyişikliklərlə üz-üzə qalmışdır. Bununla yanaşı, süni zəka və sintetik biologiya sahəsində yeniliklər də daxil olmaqla texnoloji dəyişikliyin sürətli tempi yeni yaranan texnologiyalara nəzarəti getdikcə daha da mürəkkəbləşdirir.

Qeyd edilən məsələlər elm sahəsində həyata keçirilən dövlət siyasəti üçün həm problem və çətinlikləri, həm də imkanları üzə çıxarır. Sürətli dəyişiklik və yüksək qeyri-müəyyənlik şəraitində elm sahəsinin inkişafı –məlumatlara, təhlilə və eyni zamanda birgə fəaliyyət və əməkdaşlığa əsaslanan düzgün qərarların verilməsindən birbaşa asılıdır. Əslində, COVID-19 böhranı ciddi sarsıntılarla müşayiət edilsə də, ümumilikdə elm və innovasiya cəmiyyətinin misilsiz bir səfərbərliyinə səbəb oldu. Dövlət institutları və təşkilatları, özəl fondlar və xeyriyyə cəmiyyətləri, səhiyyə sənayesi rekord qısa müddətdə milyardlarla dollar dəyərində yeni tədqiqat təşəbbüsləri irəli sürdülər. Bu gün tərəddüdsüz deyə bilərik ki, ölkəmizin və dünyanın üzləşəcəyi çətinliklərlə yeganə mübarizə strategiyası elmdir.

Məhz alimlərin mütəşəkkil səyi nəticəsində virus və yoluxma haqqında daha dəqiq anlayış təmin edilərək çox qısa müddət ərzində peyvənd hazırlanması mümkün oldu. Onu da qeyd etməliyik ki, rəqəmsal texnologiyalar COVID-19-un təsirini azaldaraq iqtisadiyyatın və cəmiyyətin böyük hissəsinin fəaliyyətinin davam etməsini təmin etdi. Hazırki pandemiya qarşıdakı böhranlara hazır olmaq və çevik qərarlar vermək üçün elm sahəsinin əhəmiyyətini daha çox önə çıxardı.

Qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsində qələbəmiz nəticəsində ortaya çıxan yeni reallıqlar, ölkəmizin yeni inkişaf mərhələsinə keçməsi üçün imkanların səmərəli istifadəsi ilə bağlı çağırışlar respublikamızda elmi tədqiqata, yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadr hazırlığına xüsusi yanaşmanı zəruri edir. Digər tərəfdən, pandemiya ölkəmizdə də elm sahəsində mövcud olan həm güclü, həm də zəif tərəfləri üzə çıxardı və hələ də COVID-19-un təsirləri davam edir və biz artıq müəyyən nəticələr çıxara, təhlillər apara və eləcə də gələcək üçün düzgün strategiyanın formalaşdırılmasını müzakirə edə bilərik.

Bugünkü tədbirin mövzusu elmi fəaliyyət sahəsində yüksək keyfiyyəti təmin etmək üçün elmi müəssisələrin və təşkilatların akkreditasiyası işinin təşkil edilməsi və bu sahədə müvafiq yeniliklər, yanaşmalar və mexanizmləri müzakirə etməkdir. Tədbirdə ölkəmizdə fəaliyyət göstərən bütün maraqlı tərəflər təmsil olunur və Ali Attestasiya Komissiyası olaraq bu sahədə mövcud problemləri müzakirə etmək üçün bu platformanın təşkilində dəstəyə görə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinə minnətdarlığımızı bildiririk.

Qeyd etməliyəm ki, biz ilkin baxışda ölkəmizdə elmin inkişafını təmin etmək üçün beş istiqamətdə paralel və əlaqəli fəaliyyəti zəruri hesab edirik. Bu istiqamətlər yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadr hazırlığı, elmi müəssisə və təşkilatlarda müasir infrastrukturun qurulması, elmin maliyyələşdirilməsi, elmi tədqiqat işlərinin müasir tələblər səviyyəsində aparılması və elmi müəssisə və təşkilatların idarəedilməsinin müasir tələblərə uyğun təşkil edilməsidir. Akkreditasya işinin təşkilinin də qeyd edilən bu beş istiqamətdə qurulması nəzərdə tutulub.

Ali Attestasiya Komissiyasının səlahiyyətləri çərçivəsində elmi-pedaqoji kadr hazırlığında keyfiyyətin təmin edilməsi üçün son dövrdə əhəmiyyətli işlər görülüb. Görülən işlər və bu sahədə aparılan islahatlar çərçivəsində, həm elmin təşviq edilməsi, həm də bu sahədə şəffaflığın və obyektivliyin təmin olunması və ən vacibi ölkəmizdə yeni nəsil peşəkar tədqiqatçıların formalaşdırılması prinsipləri üstünlük təşkil edir. Məlumat üçün bildirirəm ki, hazırda ölkəmizdə 104 elmi müəssisə və təşkilat fəaliyyət göstərir. Onlardan 9-u fizika-riyaziyyat, 19-u texnika, 7-si yer, 15-i kimya və biologiya, 11-i aqrar, 12-si tibb və 31-i humanitar və ictimai elmlər üzrə fəaliyyət göstərən müəssisələrdir.

2018-2021-ci illər üzrə elmi dərəcələrin təqdim olunması ilə bağlı statistikaya nəzər salsaq görərik ki, bu dövr ərzində 1098 iddiaçıya fəlsəfə doktoru, 183 iddiaçıya elmlər

doktoru elmi dərəcəsi verilib. Qeyd edilən elmi dərəcələrin 53%-i humanitar və ictimai, 14%-i kimya və biologiya, 11%-i tibb və 11%-i texnika elmləri sahəsini, qalan 11%-i isə digər elm sahələrini əhatə edir. 2021-ci ilin mart-iyun ayları ərzində keçirilmiş dissertasiya müdafiələri barədə məlumata nəzər saldıqda görünür ki, ümumilikdə bu dövr ərzində 248 (onlardan filologiya elmləri üzrə – 50, tibb elmləri üzrə – 35, iqtisad elmləri üzrə – 34, texnika elmləri üzrə 27 və biologiya elmləri üzrə – 18) dissertasiya müdafiəsi keçirilmişdir. Statistikadan belə nəticə çıxır ki, humanitar və ictimai profilli elmi müəssisə və təşkilatlar respublikada fəaliyyət göstərən elmi müəssisə və təşkilatların 30%-ini əhatə etsə də, 2018-2021-ci illərdə verilən elmi dərəcələrin 50%-dən çoxu məhz bu elm sahələrinin payına düşür.

Dövri elmi nəşrlərin daxil olduğu beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərində dərc edilən məqalələrin sayına görə ölkələrin siyahısında Azərbaycan son dövrlərdə əhəmiyyətli irəliyəyiş əldə edib və 2014-cü ildə Web of Science bazasında dərc edilən elmi işlərin sayı 527 idisə, 2020-ci ildə bu rəqəm 1787 olub. Müqayisə üçün qeyd edək ki, Web of Science bazasında 2020-ci ildə Gürcüstandan 1304, Ermənistandan 1273, Latviyadan 2122, Belarusdan 2226, Qazaxıstandan 4089 və Litvadan 4702 məqalə dərc edilmişdir. Burada Azərbaycan üzrə dərc olunan məqalələrin 93%-i fizika-riyaziyyat, texnika, yer, biologiya və tibb elmləri, 7%-i isə humanitar və ictimai elmlər sahəsindədir. Elmi məqalələrin keyfiyyətinin və məzmununun yeni tələblərə uyğun formalaşdırılması, müəllif hüquqları, elmi plagiat ilə mübarizə, tədqiqatçıların beynəlxalq xülasələndirmə və indeksləmə sistem və bazalarına çıxışının təmin edilməsi bu sahədə qarşıda duran vacib məsələlərdir.

Yuxarıda verilən cədvəllərdən göründüyü kimi, hətta sadə statistik məlumatlara əsaslanaraq analitik təhlil əsasında ölkədə müxtəlif elm sahələri üzrə yüksəkixtisaslı kadr hazırlığının, o cümlədən elmi tədqiqat işlərinin planlaşdırılmasında müəyyən islahat yönümlü addımlar atıla bilər. Bu işin daha da əsaslı və dayanıqlı təşkili məqsədilə biz elmi müəssisə və təşkilatların, o cümlədən ali təhsil müəssisələrinin birgə əməkdaşlığı əsasında “ELM” Vahid Elektron Sisteminin (EVİS) hazırlanması istiqamətində səylərimizi artırmalıyıq. Belə ki, bu sistemdə ölkə ərazisində fəaliyyət göstərən elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələri, bu müəssisələrdə çalışan elmi və elmi-pedaqoji kadrlar barədə dolğun məlumatlarla yanaşı, alim və tədqiqatçıların elmi fəaliyyəti, əldə etdikləri nailiyyətlər, patent və ixtiraları, dərc olunmuş elmi məqalələri barədə məlumatların qeyd edilməsi informasiyaya əsaslanan qərarların verilməsi istiqamətdinə müsbət irəliləyişə səbəb olacaq.

Onu da vurğulamaq lazımdır ki, elm sahəsində keyfiyyətin təmin edilməsi bu sahənin maliyyələşdirilmə səviyyəsi ilə birbaşa bağlıdır. Belə ki, inkişaf etmiş ölkələrdə elm sahəsinə ÜDM-in ortalama 2%-i sərf olunur (bu rəqəm Yaponiyada 3.5%, Cənubi Koreyada 4.3%, İsraildə 4%-dirsə, Estoniyada 1.6%, Türkiyədə 1.1%, Rusiyada 1%-dir).

Təbii ki, ən müasir maddi-texniki baza, avadanlıq və ləvazimatın əldə edilməsi xüsusilə təbiət, dəqiq və texnika elmləri sahəsində tədqiqatların keyfiyyətinə birbaşa təsir edir. Bu sahələrdə maddi-texniki bazanın keyfiyyətinin yüksəldilməsi dövlət özəl əməkdaşlığı, elmi nəticələrin kommersiyalaşdırılması kimi yeni yanaşmalardan, mexanizmlərdən istifadəni zəruri edir.

Ölkə rəhbəri cənab İlham Əliyevin də vurğuladığı kimi, biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməli və elm sahəsinə müasir menecment gətirməliyik. Bu məqsədlə, elmi müəssisə və təşkilatların idarə edilməsində müasir yanaşmalardan istifadə edilməlidir. Xüsusilə idarəetmədə müasir alətlər olan strateji plan və əsas keyfiyyət göstəricilərindən istifadə etməklə, qısa, orta və uzun müddətli hədəflər üzrə fəaliyyətin təşkil edilməsi bu sahədə inkişafın müsbət dinamikaya istiqamətlənməsini təşviq edə bilər. Dövlət və özəl sektorları arasındakı əməkdaşlıq elmi nəticələrin kommersiyalaşdırılmasına və büdcədənkənar gəlirlərin artırılmasına imkan yaradan ən doğru yoldur.

Hörmətli həmkarlar!

Fikrimizcə, bü gün ölkəmizdə elmi tədqiqatlar əsasən ayrı-ayrı elm sahələrinin prioritet istiqamətləri üzrə aparılmalıdır. Misal üçün, tibb elmləri sahəsində tədqiqqatlar əsasən pandemiya və bu kimi digər hallarla müşayiət olunan xəstəliklərə qarşı mübarizəyə, texnika elmləri sahəsində – yeni rəqəmsal texnologiyaların yaradılması və müasir hərb sənayesinin formalaşdırılmasına, iqtisad elmləri sahəsində – dördüncü sənaye inqilabına keçid və ya onun fəsadlarının aradan qaldırılmasına, filologiya elmləri sahəsində – ana dilimizin həm qorunub saxlanılmasına, həm də zənginləşdirilərək elmi dil kimi formalaşdırılmasına, siyasi elmlər sahəsində – beynəlxalq müstəvidə ölkəmizin qazandığı uğurların daha da möhkəmləndirilməsinə, aqrar elmlər sahəsində – qida təhlükəsizliyinin təmin edilməsinə istiqamətlənməlidir. Yalnız bu halda elmi nəticələr müasir çağırışların həllinə öz töhfəsini verə bilər.

Düşünürük ki, elmin inkişafı ölkəmiz üçün son dərəcə vacib və əhəmiyyətli olduğundan bu sahədə görüləcək işlər mütləq digər sahələrdə ölkədə aparılan islahatlarla uzlaşdırılmalıdır. Bunu nəzərə alaraq, dövlət və özəl qurumların əlaqəli fəaliyyəti, planlaşdırma və qərarların verilməsində bütün maraqlı tərəflərin prosesə cəlb edilməsi vacibdir. Məqsədimiz ölkəmizdə elmi fəaliyyətin və onun idarə edilməsinin müasir, beynəlxalq tələblərə uyğun formalaşdırılmasıdır. Bu istiqamətdə elm sahəsini tənzimləyəcək normativlər, keyfiyyət standartları və meyarlar müəyyənləşdirməli və hər bir elmi müəssisə və təşkilatın bu meyarlara cavab verməsini təmin etməliyik. Qeyd edilən standartları hazırlayarkən həm mütərəqqi beynəlxalq təcrübəni, həm də ölkəmizin qarşısında duran sosial-iqtisadi tələbləri və inkişaf strategiyalarını da nəzərə almalıyıq. Müvafiq keyfiyyət standartlarının hazırlanması bu sahənin həm idarə edilməsinə, həm də bu sahəyə ayrılan maliyyə vəsaitlərinin səmərəli istifadəsinə müsbət təsir göstərəcək, elmi tədqiqatı və innovasiyanı təşviq etməyə kömək edəcək.

Yekunda fürsətdən istifadə edərək, Avropa İttifaqının Azəraycandakı nümayəndəliyinə, şəxsən cənab səfir Kestutis Jankauskasa bu işdə bizi dəstəklədiyinə görə minnətdarlığımı bildirirəm. Qeyd edim ki, bu layihə Ali Attestasiya Komissiyasının həyata keçirdiyi ilk beynəlxalq layihədir və layihə çərçivəsində baş məsləhətçi kimi cəlb edilən cənab Akim Hopbax bu sahədə Avropada ən tanınmış mütəxəssislərdən biridir. Düşünürəm ki, layihənin uğurlu icrası ölkəmizdə elmin inkişafına, bu sahədə keyfiyyətin təmin edilməsinə müsbət təsir göstərəcək.

Diqqətinizə görə təşəkkür edirəm və tədbirin müzakirə hissəsində sizi mövzu ilə bağlı rəy və təkliflərinizi bildirməyə dəvət edirəm.

https://azertag.az/xeber/1825023


07.07.2021





Digər xəbərlər