Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası ölkəmizdə elmi kadr hazırlığında, dövlətimizin elmi potensialının inkişafında önəmli rol oynayan qurumlardan biridir. Müsahibimiz AAK-nın sədri Famil Mustafayevdir.
Cənab sədr, bu gün fəaliyyətini müasir dünya təcrübəsinə uyğun quran AAK-nın üzləşdiyi əsas çətinliklər, problemlər nələrdir?
– Məlumdur ki, cəmiyyətin bütün sahələrini əhatə edən proseslərin dərk edilməsində elmin rolu və əhəmiyyəti əvəzolunmazdır. Son dövrlərdə iqlim dəyişikliyi, iqtisadi böhranlar, pandemiya kimi geniş əhatəli geosiyasi problemlərin timsalında dünya qeyri-müəyyənlik fonunda müxtəlif dəyişikliklərlə üz-üzə qalmışdır. Bununla yanaşı, süni zəka və sintetik biologiya sahəsində yeniliklər də daxil olmaqla, texnoloji dəyişikliyin sürəti yeni yaranan texnologiyalara nəzarəti getdikcə daha da mürəkkəbləşdirir. Qeyd edilən məsələlər elm sahəsində həyata keçirilən dövlət siyasətinin çətinliklərə çevik və operativ reaksiyasını şərtləndirir.
44 günlük Vətən müharibəsinin nəticəsində ortaya çıxan yeni reallıqlar, ölkəmizin yeni inkişaf mərhələsinə keçməsi üçün imkanların səmərəli istifadəsi ilə bağlı çağırışlar respublikamızda elmi tədqiqata, yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadr hazırlığına xüsusi yanaşmanı zəruri edir. Digər tərəfdən, pandemiya ölkəmizdə də elm sahəsində mövcud olan həm güclü, həm də zəif tərəfləri üzə çıxardı. Hələ də COVID-19-un təsirləri davam edir, biz artıq müəyyən dərslər və nəticələr çıxara, təhlillər apara, eləcə də gələcək üçün düzgün strategiyanın formalaşdırılmasını müzakirə edə bilərik.
– Ali Attestasiya Komissiyasının fəaliyyəti keyfiyyətcə yeni bir mərhələdədir. Rəhbərlik etdiyiniz qurumun əsas fəaliyyət istiqamətlərində və mexanizimlərində tətbiq edilən yeniliklər barədə məlumat verməyinizi xahiş edirəm. Bu, elm adamları, elmi fəaliyyətə başlayan və ya başlamaq istəyən auditoriya, ümumiyyətlə, elm ictimaiyyəti üçün maraqlı olar.
– Ali Attestasiya Komissiyasının, demək olar ki, bütün fəaliyyət istiqamətlərində müəyyən dəyişikliklər və yeniliklər olub. Dissertasiya şuralarının səlahiyyət müddəti 3 il müəyyən edilmiş, bir ay ərzində 4 fəlsəfə doktoru və ya 2 fəlsəfə doktoru və 1 elmlər doktoru dissertasiyasının müdafiəsinin keçirilə biləcəyi nəzərdə tutulmuşdur.
Digər dəyişiklik dissertasiya şuralarının tərkibi ilə bağlıdır. Yeni qaydalara görə, fəlsəfə doktoru dissertasiyasının müdafiəsində ixtisas üzrə, azı, 3, elmlər doktoru dissertasiyasının müdafiəsində ixtisas üzrə, azı, 5 elmlər doktoru olmalıdır. Bu halda hər bir ixtisas üzrə dissertasiya şurası üzvlərinin sayı bərabər və 5 nəfərdən az olmamalıdır. Dissertasiya şurası bir neçə ixtisas üzrə, ən azı, 2, ən çoxu, 4 ixtisas üzrə yaradıla bilər. Üzvlərinin sayı 10 nəfərdən az, 28 nəfərdən çox olmamalıdır. Yüksəkixtisaslı əcnəbi mütəxəssislər dissertasiya şurasının tərkibinə daxil edilə bilərlər. Dissertasiya şurasının tərkibində müvafiq ixtisas üzrə elmlər doktorlarının sayını təmin etmək mümkün olmadıqda, həmin ixtisas üzrə elmi və elmi-pedaqoji fəaliyyətə görə professor elmi adı almış fəlsəfə doktorları, o cümlədən mədəniyyət, incəsənət, memarlıq, hərbi, bədən tərbiyəsi və idman sahələrində uzun müddət qüsursuz çalışan və əhəmiyyətli nailiyyətlər əldə etmiş, lakin elmi dərəcəsi olmayan professor elmi adı almış elmi və elmi-pedaqoji kadrlar elmlər doktorlarını əvəz edə bilərlər.
Əvvəllər dissertasiya müdafiələrində aparıcı təşkilatlar təyin olunurdu. Bu formal xarakter aldığından komissiya aparıcı təşkilat institutunu ləğv etdi, əvəzində opponentlərin sayını artırdı. Yeni qaydalara əsasən, fəlsəfə doktoru dissertasiyalarının müdafiəsi üzrə 3, elmlər doktoru dissertasiyalarının müdafiəsi üzrə isə 4 nəfər opponent olur.
Dissertasiyanın müdafiəsi prosesində dissertasiya işi ilə dərindən tanış olaraq ona rəy bildirən məhz opponentlər olduğundan, düşünürəm ki, onların sayının artırılması ilə elm tutumlu, böyük əhəmiyyət kəsb edən problemin yeni həllini təklif və təmin edə biləcək dissertasiyaların sayı da çoxalacaqdır.
Yeni qaydalarda iddiaçıdan yalnız xarici dil və müvafiq ixtisasdan imtahan vermək tələb olunur ki, bu da Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə” ilə müəyyən edilmişdir. Doktoranturaya qəbul zamanı Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən xarici dil imtahanında keçid balı 50 ballıq sistemdən 25 bal müəyyən edilmişdir. “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası”na əsasən, əgər xarici dil üzrə qəbul imtahanının nəticəsi 35 baldan yüksək olarsa, iddiaçılar dissertasiyalarını beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar. Xarici dil üzrə B2 və ya daha yüksək səviyyəli beynəlxalq dil sertifikatı əldə etmiş doktorantlar da həmin sertifikatın qüvvədə olduğu müddətdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.
Qeyd edim ki, fəlsəfə doktoru imtahanları ilə bağlı məsələ yalnız kəmiyyət deyil, həm də keyfiyyət dəyişikliyi ilə səciyyələnir: əvvəlki dövrdə eyni ixtisas üzrə imtahanlar respublikanın müxtəlif təşkilatlarında fərqli proqramlar əsasında keçirilirdi, hazırda imtahanlar komissiya tərəfindən baxılmış və təsdiqlənmiş proqramlar üzrə keçirilir. Yaxın zamanlarda isə eyni ixtisas üzrə fəlsəfə doktoru imtahanları bütün müəssisə və təşkilatlarda komissiya tərəfindən təsdiq edilmiş vahid proqramlar əsasında təşkil olunacaqdır.
İlk dəfə olaraq, bütün müdafiə olunacaq dissertasiyaların aftoreferatları bir ay öncədən Azərbaycan, rus və ingilis dillərində komissiyanın saytında yerləşdirilir.
Yeniliklərdən biri də budur ki, artıq AAK-ın icazəsi olmadan fəlsəfə doktorları eyni vaxta 2 şəxsə elmi rəhbərlik edə bilərlər. Qeyd ediləndən çox doktorant və ya dissertanta elmi rəhbərlik etmək üçün Ali Attestasiya Komissiyasına müraciət edilməlidir.
Ali Attestasiya Komissiyası ilk dəfə olaraq seminarları ixtisaslar üzrə formalaşdırdı. Əvvəllər seminarın qərarı mənfi olsa da iş yenə müzakirəyə buraxılırdı, yəni seminar formal xarakter daşıyırdı. İndi seminarlar müdafiəyə keçid üçün həlledici mərhələdir. Seminarlarda minimum 5 nəfər ixtisas sahibi iştirak etməlidir, bu mexanizm Qərb ölkələrindəki təcrübəyə əsaslanır. Bizim sistemin Qərb sistemindən üstünlüyü şurada ictimai nəzarətin olmasıdır. Dissertasiya müdafiəsinin yekununda gizli səsvermə nəticəsində iddiaçı həm öz ixtisası üzrə, həm də digər ixtisaslar üzrə şura üzvlərinin üçdə iki səsini toplamalıdır.
Yeniliklərdən biri də dissertasiyaların həcminin artıq işarələrlə qeyd edilməsidir. Fəlsəfə doktoru dissertasiyası üçün 200-240 min işarə, elmlər doktoru dissertasiyası üçün 400-440 min işarə norma müəyyən edilmişdir.
Elmi adların verilməsi ilə bağlı dəyişikliklərə gəlincə, bu istiqamətdə qaydalar xeyli sadələşdirilmişdir. Yeni qaydalara əsasən fəlsəfə doktorlarına dosent elmi adı, elmlər doktorlarına professor elmi adı almaq üçün müdafiədən sonra müddət tələb olunmur. Onu da qeyd edim ki, fəlsəfə doktorları dosent elmi adı aldıqdan 5 il sonra professor elmi adının iddiaçısı qismində çıxış edə bilərlər. Əsasnamə ilə müəyyən edilmiş şərtlər ödənildiyi təqdirdə elmi və elmi-pedaqoji fəaliyyətə görə professor elmi adının 10 il iş stajı olan dosent elmi adı almış fəlsəfə doktorlarına verilməsi müəyyən edilmiş yeniliklərə daxildir.
Qeyd edim ki, pandemiya dövründə komissiyanın saytı əsaslı şəkildə yeniləndi. Məlumat bazası sistemləşdirildi və genişləndirildi. Artıq AAK-ın saytından fəaliyyət istiqamətinə uyğun bütün məlumatları əldə etmək olur.
– Cənab sədr, iddiaçılardan dissertasiyaların əsas nəticələrinin, həmçinin elmi konfransların nəticələri üzrə məruzə və tezislərin yerli və xarici dövri elmi nəşrlərdə dərc edilməsi tələb olunur. Etiraf edək ki, humanitar sahələr üzrə milli mövzuda olan elmi məqalələrin, xüsusilə Azərbaycan ədəbiyyatı və tarixi ilə bağlı tədqiqatların xarici ölkələrin indeksli elmi jurnallarında dərc olunması asan məsələ deyil. Bu sahədə yeniliklər nədən ibarətdir?
– Yeni tələblərdən biri də iddiaçıların məqalələrini xarici ölkələrdə nəşr edilən nüfuzlu elmi jurnallarda deyil, beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə dərc etdirmələrindən ibarətdir. Müvafiq sistemlərin (bazaların) siyahısı ayrı-ayrı elm sahələri üzrə komissiya tərəfindən müəyyənləşdirilmiş və təsdiq edilmişdir. Bu siyahının müəyyən edilməsi Azərbaycan Respublikasında çap olunan və beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan elmi nəşrlərin sayının artmasına şərait yaradacaq və gələcəkdə iddiaçıların öz məqalələrini dərc etdirmək üçün xarici ölkələrə göndərmələrinə ehtiyac qalmayacaqdır.
Komissiyada attestasiya sənədlərinin ekspertizası zamanı bir sıra hallarda elmi dərəcə və elmi ad iddiaçılarının təqdim etdikləri məqalələrin beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olmayan saxta nəşrlərdə dərc edildiyi aşkar edilir. Bəzi hallarda hətta iddiaçılar özləri belə həmin nəşrlərin saxta olduğundan xəbərsiz olurlar. Bununla əlaqədər olaraq komissiya tərəfindən Clarivate Analytics şirkətinə rəsmi müraciət edilmiş və komissiyanın Web of Science bazasına maneəsiz giriş imkanı təmin edilmişdir. Nəticədə attestasiya sənədlərinin komissiyada ekspertizası zamanı Web of Science bazasına və digər bu kimi beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə dərc edilən elmi məqalələrin həqiqiliyinin dəqiq müəyyən edilməsi mümkün olmuşdur.
Clarivate Analytics şirkətinin məlumatına əsasən, ölkələrin siyahısında Azərbaycan son dövrlərdə əhəmiyyətli irəliləyiş əldə edib və 2014-cü ildə Web of Science bazasında dərc edilən elmi işlərin sayı 527 idisə, 2020-ci ildə bu rəqəm 1787 olmuşdu.
– Xüsusi karantin rejimində dissertasiya şuralarının fəaliyyəti necə təşkil olunur?
– Komissiya xüsusi karantin rejiminin tələblərini yerinə yetirməklə yanaşı, qısa müddət ərzində fəaliyyətini yeni reallığa uyğunlaşdırmağa çalışmışdır.
Komissiyanın Rəyasət Heyətinin təsdiq etdiyi “Xüsusi karantin rejimi dövründə dissertasiya şuralarının nəzdində fəaliyyət göstərən elmi seminarlarda müzakirələrin təşkili və keçirilməsinə dair Tələblər” və “Xüsusi karantin rejimi dövründə dissertasiya şuralarında müdafiələrin təşkili və keçirilməsinə dair Tələblər” mövcud şəraitdə sanitariya epidemioloji və profilaktik tədbirlərin həyata keçirilməsi təmin edilməklə dissertasiyaların müzakirəsi və müdafiəsinin təşkilinə imkan verir.
Dissertasiya şuralarının, ekspert şuralarının üzvlərinin əksəriyyətinin orta yaşı 65-in üzərindədir. Pandemiya dövründə risk qrupuna aid olan həmin şəxsləri bir yerə yığmaq xeyli çətinlik yaratdı. Biz müxtəlif ölkələrin təcrübəsini öyrənərək problemi həll etməyə çalışdıq. Komissiyanın yeni rəsmi internet saytında dissertasiya şuralarında gizli səsvermənin keçirilməsi üçün “Elektron səsvermə” bölməsi yaradılaraq xüsusi proqram təminatı ilə elektron gizli səsvermə sistemi tətbiq edildi. 2021-ci ilin 9 mart tarixindən 14 oktyabr tarixinədək bu formatda 334 (onlardan Filologiya elmləri üzrə – 62, Tibb elmləri üzrə – 55, İqtisad elmləri üzrə – 43, Texnika elmləri üzrə – 39, Biologiya elmləri üzrə – 24 və Fizika elmləri üzrə – 21) dissertasiya müdafiəsi keçirilmişdir. Bu mexanizm pandemiya dövründə şura üzvlərinin kollegiallığını təmin etmək üçün tətbiq olunan yenilikdir. Pandemiya ilə əlaqədar ölkədə uğurla vaksinasiya tədbirləri həyata keçirildiyindən karantin rejimi ilə bağlı yumşalmalara adekvat olaraq Komissiyanın Rəyasət Heyətinin qərarı ilə COVID-19 infeksiyasına qarşı peyvənd olunmuş 65 yaşdan yuxarı iddiaçıların, dissertasiya şurasının və elmi seminarın üzvlərinin, o cümlədən rəsmi opponentlərin, elmi rəhbərlərin və ya elmi məsləhətçilərin elmi seminar və dissertasiya şurasının iclaslarında əyani iştirak etmələrinə icazə verilmişdir.
Qaydalar tərtib olunarkən göstərilib ki, iddiaçı mütləq qaydada zalda olmalıdır. Pandemiya dövründə müdafiə prosesinə distant qoşulan dissertasiya şurasının üzvlərindən əlavə, video çəkilişlə müşayiət olunan müdafiə prosesini açıq şəkildə hər kəsin izləməsini təmin etdik. İlk dəfə olaraq dissertasiya şuralarının fəaliyyət göstərdiyi müəssisələrin saytlarında yerləşdirilən linklər vasitəsilə müdafiənin gedişatı ilə maraqlanan hər kəs onu izləmək imkanı əldə etmişdir.
– Bu, özü də bir yenilikdir. Azərbaycanda müdafiə olunan istənilən dissertasiya müdafiəsinin gedişatını limit olmadan, istənilən şəxs izləyə bilər. Müdafiə prosesini həm də canlı izləmək şəffaflığın təmin edilməsi baxımından təqdirəlayiqdir.
– Pandemiya dövründə yaşanan çətinliklər dissertasiya şuralarının fəaliyyətinin təşkili, müdafiələrin keçirilməsi ilə bağlı müsbət təcrübələr də qazandırdı. Belə ki, müdafiələr distant (məsafədən) qaydada keçirildiyindən dissertasiya şuralarına cəlb edilən əcnəbi mütəxəssislərin sayı da artırıldı. Hazırda müxtəlif elm sahələri üzrə fəaliyyət göstərən dissertasiya şuralarında Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Belarus, Bolqarıstan və Özbəkistan daxil olmaqla 8 ölkədən 15 elm sahəsi üzrə 59 əcnəbi yüksəkixtisaslı mütəxəssis təmsil olunur. Qeyd edilən təcrübənin müsbət nəticələrini nəzərə alaraq postpandemiya dövründə də bu təcrübənin davam etdirilməsini düşünürük.
– Ali Attestasiya Komissiyasının tətbiq etdiyi yeniliklər zamanı daha çox hansı ölkələrin təcrübəsinə üstünlük verilib?
– Ümumilikdə, tətbiq olunan yeniliklər keçmiş sovet sistemindən qalan ən yaxşı ənənələrin Qərb sisteminə inteqrasiyası prinsipinə əsaslanır. Yeni sənədlərin hazırlanması mərhələsində Rusiya, Qazaxıstan, Moldova, Belarus, Ukrayna, Pribaltika ölkələrinin, o cümlədən ABŞ, Türkiyə, Böyük Britaniya, Almaniya, Çin və Cənubi Koreyanın elmi dərəcə və elmi adların verilməsi sahəsində təcrübələri öyrənilmiş, müqayisəli təhlillər aparılmışdır.
– Komissiyasının fəaliyyətinin yenidən təşkili ilə bağlı atılan addımlar hansı zərurətdən irəli gəldi, yenilikləri və dəyişiklikləri ölkədə həyata keçirilən köklü islahatların tərkib hissəsi adlandıra bilərikmi?
– Ali Attestasiya Komissiyasının fəaliyyətindəki dəyişikliklərin zəruriliyi Azərbaycanda elmin davamlı və dayanıqlı inkişafına, dünya elm məkanına çevik inteqrasiyasına hədəflənmiş dövlət siyasətinin həyata keçirilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə aparılan islahatlar, müasir dövrümüzün yeni çağırışları və tələblərindən irəli gəlmişdir. Ali Attestasiya Komissiyasının fəaliyyətində yeni mərhələ Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 10 dekabr tarixli 785 nömrəli sərəncamı ilə başlamışdır. Sərəncamın icrası elmi və elmi-pedaqoji kadrların attestasiyası ilə bağlı yeni normativ-hüquqi bazanın formalaşmasını, elmi tədqiqatların səviyyəsinin yüksəldilməsi məqsədilə elmi dərəcə və elmi adların verilməsi, elmi fəaliyyətin qiymətləndirilməsi və monitorinqi sahəsində yeni qaydaların işlənib hazırlanmasını və tətbiqini labüd etmişdir.
– Bu gün ölkədə şəffaflığın təmin edilməsi sahəsində də sistemli islahatlar həyata keçirilir. Komissiyanın fəaliyyət istiqaməti üzrə bu sahədə hansı tədbirlər görülüb?
– Uzun illər Ali Attestasiya Komissiyası iddiaçılara elmi dərəcə və elmi ad verərək ölkədə elmi kadr potensialının formalaşmasında iştirak etməklə yanaşı, müəyyən prosedurlara razılıq verən bir dövlət qurumu kimi tanınırdı. Əvvəlki qaydalarla bir sıra prosedurlara komissiya tərəfindən icazə verilməsi tələbindən bəzi hallarda sui-istifadə edilir və nəticədə qeyri-qanuni hərəkətlərə şərait yaradılırdı. Bu tələblərin aradan qaldırılmasını həm iddiaçıların hüquq və maraqlarının qorunması, həm də komissiyanın fəaliyyətində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində atılan mühüm addım hesab etmək olar.
– Cənab sədr, Ali Attestasiya Komissiyasının rəsmi saytı ilə tanış olarkən diqqətimi çəkən məqamlardan biri “korrupsiya ilə mübarizə” bölməsi oldu. Bu, maraqlı təşəbbüsdür.
– “Korrupsiya ilə mübarizə” bölməsinə yerləşdirilən e-mailə elm adamları, elmi ad və elmi dərəcə iddiaçıları, eyni zamanda əməkdaşlar korrupsiya halları ilə bağlı şikayətlərini, müraciətlərini göndərə bilərlər. Bu elektron poçta yalnız özüm nəzarət edərək daxil olan müraciətlərlə tanış oluram.
– Dünyanın müxtəlif olkələrində dissertasiya işlərində plagiatlıq halları ilə mübarizə güclənir, bizdə bu sahədə vəziyyət necədir?
– Komissiyada yeni texnologiya və proqramların imkanlarından faydalanaraq iddiaçının müəllifinə və mənbəyinə istinad vermədən digər müəlliflərin materiallarından istifadə etdiyi, yəni elmi plagiat faktlarının aşkar olunduğu hallara qarşı mübarizə sərtləşdirilmişdir.
Plagiat faktı aşkar edildikdə əvvəllər olduğu kimi yalnız iddiaçıların deyil, o cümlədən elmi rəhbər və elmi məsləhətçinin, rəsmi opponentlərin (müsbət rəy verdikləri halda), elmi seminarın sədrinin, elmi katibin və dissertasiya şurasının iclasına sədrlik edən şəxslərin məsuliyyətinə dair Əsasnamədə müddəalar mövcuddur. Elmi plagiat halları aşkar edildiyi təqdirdə Əsasnamə ilə Komissiyanın dissertasiya şurasının həmin iclasına sədrlik etmiş şəxsi, dissertasiya şurasının elmi katibini və dissertasiya şurasının nəzdində fəaliyyət göstərən elmi seminarın sədrini, üç il müddətində təkrar təyin olunmaq hüququ olmadan, dissertasiya şurasında və elmi seminarda vəzifələrinin icrasından kənarlaşdırmaq, elmi rəhbərin, elmi məsləhətçinin və rəsmi opponentlərin (müsbət rəy verdikləri halda) üç il müddətinədək həmin vəzifələri tutmasına məhdudiyyət tətbiq etmək hüququ təsbit edilmişdir. İddiaçılara münasibətdə isə plagiat faktının aşkar edilməsi ilə bağlı fəlsəfə doktoru elmi dərəcəsinin iddiaçılarına Komissiyanın bu barədə qərarından sonra üç il, elmlər doktoru elmi dərəcəsinin iddiaçılarına isə beş il müddətində müdafiə etmək hüququ verilməyəcək, iddiaçı yenidən həmin mövzuda dissertasiya müdafiə edə bilməyəcək.
Məlumat üçün bildirim ki, 2021-ci il üzrə 81 iddiaçıya elmi dərəcələrin, 14 iddiaçıya isə elmi adların verilməsindən imtina edilməsi haqqında qərar qəbul edilmişdir.
– Son vaxtlar elmi dərəcədən və elmi addan məhrumetmə halları baş veribmi?
– Komissiya şəxslərin elmi dərəcədən və ya elmi addan məhrum edilməsi (elmi dərəcənin və ya elmi adın bərpası) məsələsinə əsaslı faktlar, arqumentlər göstərilməklə, elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin dissertasiya və ya elmi şuralarının vəsatəti və ya fiziki şəxslərin müraciətləri əsasında baxır və qərar qəbul edir.
Azərbaycanda Ali Attestasiya Komissiyasının tarixində ilk dəfə olaraq 2021-ci ildə elmi dərəcədən məhrumetmə halı baş verib. Xarici ölkədən bizə daxil olan müraciətə əsasən azərbaycanlı alimin işini araşdırdıq. Dissertasiya işinin plagiat olduğu təsdiq edildi. Fəlsəfə doktoru elmi dərəcəsindən plagiat səbəbindən məhrumetmə barədə qərar qəbul edildi. Elmi dərəcədən məhrum edilmiş şəxs 2017-ci ildə müdafiə edərək həmin ildə təsdiq almışdı.
Onu da qeyd edim ki, komissiya elmi dərəcədən və ya elmi addan məhrum edilmiş şəxsin elmi dərəcəsini və ya elmi adını qanuni əsaslar olduğu halda bərpa edir və elmi dərəcədən və ya addan məhrumetmə məsələlərinə diplom və ya attestatın verildiyi tarixdən on il keçdikdən sonra baxmır.
– Cənab sədr, mən Ali Attestasiya Komissiyasının Facebook sosial şəbəkəsindəki səhifəsi ilə də tanış oldum. İstifadəçi şərhləri arasında xaricdə müdafiə etmiş gənc alimlərin komissiyanın operativ, şəffaf fəaliyyəti ilə bağlı səsləndirdikləri fikirlər diqqətimi cəlb etdi və sual doğurdu. Xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin tanınması prosedurunda hansı dəyişikliklər tətbiq olunub ki, iddiaçılar AAK-ın fəaliyyəti barədə bu qədər yüksək fikir və minnətdarlıq ifadə edirlər.
– Pandemiya dövründə komissiyanın rəsmi saytı yeni forma və məzmunda tərtib edilmiş, Facebook səhifəsi istifadəyə verilmişdir. Artıq yenilənmiş sayt vasitəsilə istifadəçilər dissertasiyanın müdafiəsi və son nəticədə elmi dərəcə və elmi adların verilməsinə, həmçinin xarici ölkələrdə elmi dərəcə və elmi adlarla bağlı verilmiş sənədlərin tanınmasına, elmi müəssisələrin akkreditasiyasına kimi bir çox məsələlər barədə geniş məlumat əldə edə bilər. Xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin tanınması prosedurunda yeniliklərə gəlincə, Azərbaycan vətəndaşlarının xarici ölkələrdə müdafiə etməsi üçün əvvəllər mövcud olan qaydaya görə iddiaçılar yalnız AAK-nın Rəyasət Heyətinin və Kollegiyasının icazəsi ilə xarici ölkələrdə dissertasiya müdafiə edə bilərdilər. Artıq bu bürokratik norma yoxdur. Xaricdə elmi dərəcə və ya elmi ad almış iddiaçılar müvafiq sənədlərini komissiyaya təqdim etməklə sənədlərini nostrifikasiya və ya təkrar attestasiya əsasında tanıtdıra bilərlər. Xüsusi qeyd edim ki, elmi dərəcə və elmi ad haqqında sənədlərin nostrifikasiya və təkrar attestasiya əsasında tanınması üçün komissiyaya təqdim edilməli olan sənədlərin siyahısına da yenidən baxılmış, siyahı üzrə zəruri sənədlərin sayı azaldılmış, bütövlükdə tanınma proseduru sadələşdirilmişdir.
– “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Pezident İlham Əliyevin 5 fevral 2021-ci il tarixli sərəncamına əsasən, ölkəmizdə təhsil haqqında dövlət sənədləri elektron qaydada veriləcək. Bu qayda elmi dərəcə ilə bağlı diplomlara da şamil olunacaqmı?
– Əvvəllər komissiya tərəfindən vahid formalı dövlət sənədinin verilməsi tələb edilmirdi, diplom və attestatların forması isə komissiyanın Rəyasət Heyəti tərəfindən təsdiq olunurdu. Hazırda alimlərimizə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş, mühafizə nişanlı, vahid formalı dövlət sənədi verilir. Xarici ölkədə elmi dərəcə və ya elmi ad almış tədqiqatçılara isə müvafiq sənədin nostrifikasiyası və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamə təqdim edilir.
O ki qaldı bunların elektron formasına, AAK-ın rəsmi saytında bütün elmi dərəcə və elmi ad alan şəxslər haqqında müvafiq məlumatlar yerləşdirilib. Maksimum bir il ərzində komissiyanın bütün sənəd dövriyyəsi elektronlaşacaq, o cümlədən “FİN kodu” ilə aydiyyəti orqanlara diplomların elektron versiyası göndəriləcək.
– Elmi müəssisələrin akkreditasiyası cənab Prezident tərəfindən rəhbərlik etdiyiniz komissiyaya həvalə edilib. Bu məsul vəzifənin icrası istiqamətində hansı fəaliyyət planı həyata keçirilib?
– Ölkəmizdə elmin inkişafını təmin etmək üçün beş istiqamətdə paralel və əlaqəli fəaliyyəti zəruri hesab edirik: yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadr hazırlığı, elmi müəssisə və təşkilatlarda müasir infrastrukturun qurulması, elmin maliyyələşdirilməsi, elmi tədqiqat işlərinin müasir tələblər səviyyəsində aparılması və elmi müəssisə və təşkilatların idarəedilməsinin müasir tələblərə uyğun təşkil edilməsi. Akkreditasya işinin təşkilinin qeyd edilən bu beş istiqamətdə qurulması nəzərdə tutulub.
İlkin mərhələdə ölkə üzrə fəaliyyət göstərən elmi müəssisələrin (təşkilatların) elektron bazasının formalaşdırılması məqsədilə zəruri məlumatlar toplanıb və sistemləşdirilib. Məlumat üçün bildirirəm ki, hazırda ölkəmizdə 104 elmi müəssisə və təşkilat fəaliyyət göstərir. Onlardan 9-u fizika-riyaziyyat, 19-u texnika, 7-si Yer, 15-i kimya və biologiya, 11-i aqrar, 12-si tibb və 31-i humanitar və ictimai elmlər üzrə fəaliyyət göstərən müəssisələrdir.
Bununla yanaşı, ölkəmizdə elmi müəssisə və təşkilatların akkreditasiyası işinin müasir beynəlxalq standartlara uyğun təşkil edilməsi üçün Avropa İttifaqının maliyyə dəstəyi ilə Belçika Krallığının “IBF International Consulting” şirkəti ilə cari ilin 3 may tarixindən “Azərbaycanda elmi tədqiqat müəssisələrinin akkreditasiya prosesinin gücləndirilməsi” layihəsi icra olunur. 2021-ci il iyulun 7-də layihənin açılış konfransı keçirilmişdir. İlkin mərhələdə bu ilin sonunadək AMEA, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin hər birinin tabeliyində olan bir müəssisədə, ümumilikdə 3 müəssisədə akkreditasiyanın keçirilməsi nəzərdə tutulmuşdur.
– Dünya elmi daim inkişafdadır. Müxtəlif elm sahələrində bir çox yeniliklər, texnoloji və innovativ inkişaf zaman keçdikcə yeni ixtisasların yaranmasına zəmin yaradır. Nomenklaturda dəyişikliklər gözlənilirmi?
– “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji işçilərə elmi dərəcələrin verilməsi üzrə ixtisasların nomenklaturu” 25 elm sahəsi üzrə 403 ixtisası əhatə etməklə 2012-ci ildə təsdiq edilmiş və 2015-ci ildə ona bir sıra əlavələr edilmişdir. Ötən illər ərzində müxtəlif elm sahələrinə aid ixtisasların məzmununda dəyişikliklər baş vermiş, yeni ixtisaslar meydana gəlmişdir. Elmi tədqiqat işlərinin sənayenin və biznesin, innovasiya iqtisadiyyatının çağırışlarına fokuslanması günün tələbidir. Qeyd edilən məqsədlərə çatmaq üçün yüksəkixtisaslı kadr hazırlığının müasir çağırışlara uyğun təşkil edilməsi üçün Nomenklaturun yeni məzmunda formalaşdırılması, təsnifata yeni elm sahələri və ixtisasların əlavə edilməsi və aktual olmayan sahələrin təsnifatdan çıxarılması, ixtisasların pasportlarının yenilənməsi qarşımızda duran aktual məsələlər sırasındadır.
– Azərbaycan elminin davamlı və dayanıqlı inkişafının təmin edilməsi üçün hansı amillər zəruridir?
– Elm və təhsil bir-birilə sıx bağlıdır. Təhsil elmi biliklərin əsasında aparılmalıdır. Yenilənən elmi biliklərin təhsildə tətbiqi üçün elm və təhsil sahəsində fəaliyyət göstərən şəxslərin potensialı daim zamanın tələblərinə uyğun artmalıdır.
Düşünürəm ki, elmin inkişafı ölkəmiz üçün son dərəcə vacib və əhəmiyyətli olduğundan bu sahədə görüləcək işlər mütləq digər sahələrdə ölkədə aparılan islahatlarla uzlaşdırılmalıdır. Bunu nəzərə alaraq, dövlət və özəl qurumların əlaqəli fəaliyyəti, planlaşdırma və qərarların verilməsində bütün maraqlı tərəflərin prosesə cəlb edilməsi vacibdir. Məqsədimiz ölkəmizdə elmi fəaliyyətin və onun idarə edilməsinin müasir, beynəlxalq tələblərə uyğun formalaşdırılmasıdır. Bu istiqamətdə elm sahəsini tənzimləyəcək normativlər, keyfiyyət standartları və meyarlar müəyyənləşdirməli və hər bir elmi müəssisə və təşkilatın bu meyarlara cavab verməsini təmin etməliyik. Qeyd edilən standartları hazırlayarkən həm mütərəqqi beynəlxalq təcrübəni, həm də ölkəmizin qarşısında duran sosial-iqtisadi tələbləri və inkişaf strategiyalarını da nəzərə almalıyıq. Müvafiq keyfiyyət standartlarının hazırlanması bu sahənin həm idarə edilməsinə, həm də bu sahəyə ayrılan maliyyə vəsaitlərinin səmərəli istifadəsinə müsbət təsir göstərəcək, elmi tədqiqatı və innovasiyanı təşviq etməyə kömək edəcək.
– Cənab sədr, məzmunlu, ətraflı, maraqlı müsahibəyə görə təşəkkür edirəm. İnanıram ki, elmi ictimaiyyət, bu sahə ilə maraqlanan şəxslər düşündükləri sualların cavabını müsahibədə tapacaqlar.
– Təşəkkür edirəm. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qanunilik, obyektivlik, şəffaflıq və peşəkar etik normalara əməl edilməsi prinsiplərini rəhbər tutmaqla bundan sonra da öz fəaliyyətini müdafiə olunan dissertasiya işlərinin keyfiyyətinin və elmi səviyyəsinin artırılması, elmi dərəcə və elmi adların layiqli iddiaçılara verilməsinin təmin edilməsi istiqamətində quracaqdır. Komissiya Azərbaycan elminin stimullaşdırılmasına, inkişafına ləyaqətlə xidmət etmək əzmindədir.
Leyla RƏŞİD,
Foto: Elşən AĞALAROV,
“Xalq qəzeti”
Digər xəbərlər