Bağla


Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri, professor Famil Mustafayevin APA-ya müsahibəsi

 

- İl başa çatır. Ali Attestasiya Komissiyasının illik fəaliyyətini necə qiymətləndirirsiniz?

 

- Təşkilatın rəhbəri kimi fəaliyyəti qiymətləndirmək bir az çətin olar. Reallığa söykənərək deyə bilərəm ki, pandemiya dövründə rəhbərlik etdiyim təşkilat kifayət qədər effektiv çalışıb. Çünki burada görülən işlər təkcə elmi dərəcələrin və elmi adların verilməsi ilə bağlı olmayıb. Eyni zamanda müxtəlif elm sahələri və ixtisaslar üzrə dissertasiya şuralarının yaradılması ilə məşğul olmuşuq. Pandemiya şəraitində dissertasiya şuralarında müdafiənin nəticələri üzrə səsvermə müəyyən çətinliklər yaradırdı. Bu məqsədlə biz müvafiq proqram təminatı hazırlatdıq. Bunun əsasında bütün dissertasiya şuralarının üzvləri şəxsi parol və loginlərindən istifadə edərək Komissiyanın saytı üzərindən gizli səs verə bildilər. Bu yolla gizli səsverməni təmin etdik. Bu isə öz müsbət nəticəsini verdi.

 

Bu il ərzində əsas işimiz dissertasiya şuralarının fəaliyyətini tənzimləməklə bağlı olub. 2021-ci ildə 35 elmi müəssisə və təşkilatda, 21 ali təhsil müəssisəsində 167 dissertasiya şurası fəaliyyət göstərib. 167 dissertasiya şurasının 80-ni daimi şuradır, yəni bunlar 3 illik fəaliyyət göstərir. Bəzi ixtisaslar üzrə - mütəxəssis çatışmazlığı və doktorantların az olduğu ixtisaslar üzrə isə birdəfəlik dissertasiya şuraları yaradırıq. Bu il ərzində 87 birdəfəlik dissertasiya şurası yaratmışıq. Ümumilikdə dissertasiya şuralarının fəaliyyətinə 1325 alim cəlb olunub. Birdəfəlik dissertasiya şuralarının fəaliyyətinə isə 1473 şəxs cəlb edilib. Bura, həmçinin, daimi dissertasiya şuralarında fəaliyyət göstərənləri də cəlb etmək olur deyə, say nisbətən çoxdur. Onlar, əsasən, elmlər doktorlarıdır. Bu ilin xarakterik bir cəhəti də o oldu ki, müdafiələrin təşkili distant qaydada mümkün oldu. Azərbaycanda ilk dəfə olaraq bütün dissertasiya müdafiələrinə maraqlı olan hər kəs müvafiq link vasitəsi ilə onlayn rejimdə baxa bilərdi. Bu, həm də şəffaflığın göstəricisi kimi də qəbul oluna bilər.

 

Dissertasiya şuralarının fəaliyyətinə digər ölkələrin alimlərini də cəlb etmişik. Belə ki, bu şuralarda 8 ölkədən - Rusiya, Türkiyə, Ukrayna, Belarus, Qazaxıstan, Bolqarıstan, Gürcüstan və Özbəkistandan 16 elm sahəsinə aid olan 35 ixtisas üzrə 67 alim tədqiqatçı cəlb olunub.

 

Ən çox dissertasiya şurası tibb elmləri sahəsində yaranıb. Bu sahədə 10 daimi, 19 birdəfəlik dissertasiya şurası fəaliyyət göstərib. Filologiya elmləri sahəsində 9 daimi, 12 birdəfəlik dissertasiya şurası, texnika elmləri sahəsində 13 daimi, 5 birdəfəlik, kimya elm sahəsində 7 daimi, 4 birdəfəlik dissertasiya şurası, biologiya elmləri sahəsində 6 daimi, 4 birdəfəlik, iqtisad elmləri sahəsində 6 daimi, fizika elmləri sahəsində 4 daimi dissertasiya şurası fəaliyyət göstərib. Digər elm sahələrində isə 1, 2 və ya 3 dissertasiya şurası fəaliyyət göstərib.

 

Bundan başqa, bu il Komissiyada yeni proqram təminatının hazırlanması işləri aparılıb. Gələn ildən işlərin əsas hissəsi elektronlaşdırılacaq. Əlbəttə, bu işdə yüz faiz elektronlaşdırma mümkün deyil, çünki Komissiyada aparılan attestasiya sənədlərinin ekspertizasının həyata keçirilmə qaydasını nəzərə alaraq kağız sənədlərlə iş xüsusi önəm kəsb edir. Elektron sənəd dövriyyəsinin müəyyən problemləri ola bilər. İddiaçılar elektron qaydada dissertasiyanın son variantını göndərmədiklərini iddia edə bilərlər. Hər bir halda dissertasiyalar çap olunmuş şəkildə mütləq olmalıdır. Kitabxanalarda həm elektron, həm də çap olunmuş versiyalar qalmalıdır. Elektron versiyanı ortaya qoyanda iddiaçının imzaladığı çap olunmuş versiyanın eyniliyi təsdiqini tapmalıdır.

 

- Bu il ərzində neçə dissertasiya işi müdafiə olunub? Hansı elm sahəsinə üz tutanlar daha azdır?

 

- Pandemiya ilə əlaqədar mart ayından sanitar-epidemioloji vəziyyətin tələbləri nəzərə alınmaqla təsdiq edilmiş xüsusi formatda dissertasiya müdafiələrinin təşkilinə başlanılıb. Mart ayından bu günə qədər 567 dissertasiya müdafiəsi baş tutub. Onlardan 306-sı elmi müəssisələrdə, 261-i ali təhsil müəssisələrində olub. 567 müdafiədən 477-si fəlsəfə doktoru, 90-ı isə elmlər doktoru dissertasiyasının müdafiəsi üzrə olub.

 

Bu il müdafiə olunmuş işlərdən 109-u filologiya, 87-si tibb, 77-si iqtisad, 61-i texnika, 29-u biologiya, 40-ı fizika, 40-ı kimya, 14-ü aqrar, 18-i riyaziyyat, 18-i fəlsəfə, 13-ü sənətşünaslıq, 12-si siyasi, 10-u sosiologiya, 13-ü pedaqogika, qalanları isə digər elm sahələri üzrə olub.

 

Hansı elm sahəsinə üz tutanlar azdır demək çətindir. Məsələn, bizdə astronomiya, memarlıq, psixologiya və coğrafiya sahəsində 1 dissertasiya şurası yaradılıb. Amma o demək deyil ki, bu sahəyə az üz tuturlar. Sadəcə, orada tədqiqatlar, doktorantların sayı da o qədər çox deyil.

 

- Komissiyada dissertasiya işlərinə baxılması necə təşkil olunur?

 

- Müdafiədən sonra 2 ay müddətində sənədlər Komissiyaya təqdim olunur. Təqdim olunandan sonra işlər müvafiq ekspertizalardan keçirilir. İlkin olaraq, sənədlərin qaydasında olması fəlsəfə doktoru imtahanlarının tələblərə uyğun verildiyi, dissertasiya mövzularının düzgün müəyyənləşdirilməsi, onların problem şuralarında təsdiq olunub-olunmaması, ilkin müzakirənin keçirilməsi, onun protokolu, o cümlədən seminarın və müdafiənin təşkili və nəticəsi, müdafiənin gedişi, iddiaçının müdafiədə çıxışı - hamısı araşdırılır. Tədqiqatçıların elmi əsərləri və dissertasiyalarını əsərlərində əks etdirməsi, bizim tövsiyə etdiyimiz elmi nəşrlərdə və beynəlxalq xülasələndirmə və indeksləmə bazalarında çap olunması - bunların hamısı yoxlanılır, bundan sonra paralel olaraq işin plagiatlığına baxılır, bu proses müxtəlif proqramlar vasitəsilə həyata keçirilir. Nəticədə dissertasiya işinə baxılması Kollegiyaya və ya Rəyasət Heyətinə tövsiyə olunur. Əgər işdə texniki qüsurlar çox ciddidirsə, bu mərhələdə işə imtina verilir, əgər texniki qüsurlar yoxdursa və imtina üçün əsas deyilsə, işi müvafiq elm sahələri üzrə ekspert şuralarına göndəririk. Komissiyanın nəzdində 24 elm sahəsi üzrə 15 ekspert şurası fəaliyyət göstərir. Təxminən 300-ə yaxın mütəxəssis Komissiyanın nəzdində fəaliyyət göstərən ekspert şuralarına cəlb edilib. Ekspert şuraları işlər barədə rəylərini hazırlayır. Nəticədə onlar iddiaçını dəvət edir, müzakirə keçirir və tövsiyə xarakterli qərarlar verirlər. Qərarlarda ya iddiaçıya elmi dərəcənin verilməsini tövsiyə edir, ya da əksinə, elmi dərəcənin verilməsini məqsədəuyğun hesab etmirlər. Əgər dissertasiyada digər mənbələrlə çoxlu oxşar material varsa, başqa işlərlə eynilik təşkil edirsə, əsaslı yoxlamadan sonra işdə plagiat faktı təsdiqini tapırsa, qərar dəlillərlə birgə təqdim edilir və imtina barədə qərar verilir.

 

- Bu il neçə nəfərə fəlsəfə, elmlər doktoru elmi dərəcəsi və dosent, professor elmi adı verilib? Elmi dərəcə alanlar içərisində kişilər yoxsa, qadınlar üstünlük təşkil edir? Bunun əsas səbəbi nədir?

 

- 2021-ci ildə Komissiya tərəfindən 122 fəlsəfə doktoru, 31 elmlər doktoru diplomu verilib. Ümumilikdə, bu il 153 şəxsə elmi dərəcə verilib. Elmi adlarla bağlı deyə bilərik ki, bu il 70 dosent, 12 professor diplomu verilib.

 

Hesab edirəm ki, elmi dərəcə alanlarda gender məsələsi gözlənilir. Aydın məsələdir ki, humanitar sahələrdə qadınlar üstünlük təşkil edir. Amma texnika, təbiət elmləri sahəsində kişilərlə qadınlar ya bərabərdir, ya da kişilər nisbətən çoxdur. Məsələn, iqtisadiyyat, hüquq, texnika elmləri sahəsində kişilər daha çoxdur. Tibb elmləri sahəsində bu say eynilik təşkil edir. Elmə üz tutan kişi və qadın sayında ciddi fərq yoxdur.

 

- Bu il neçə elmi plagiat hallarına rast gəlinib və nəticədə neçə nəfər elmi dərəcədən məhrum edilib? Bundan başqa töhmət alanlar varmı?

 

- Bu il Azərbaycanda Komissiya tərəfindən plagiatlığa qarşı mübarizə ili kimi də qəbul oluna bilər. Çünki əvvəlki illərdəki fəaliyyətlə müqayisədə bu il ən çox imtina verilib. Bu il 87 fəlsəfə doktoruna, 8 elmlər doktoruna imtina olunub. 87 imtinanın müxtəlif səbəbləri var, bu, bəzən dissertasiyanın başqasına yazdırılması kimi hallarla bağlı olur. Belə halda iddiaçını dəvət edərək, onun elmi səviyyəsinin iddia etdiyi elmi dərəcəyə uyğunluğu ekspertlər tərəfindən yoxlanılır. Bu yolla müəyyən edirik ki, iddiaçının yazdığı işdən demək olar ki, xəbəri yoxdur və ya bu sahədə bilikləri çox zəifdir. Bunun nəticəsində həmin şəxslərə elmi dərəcənin verilməsindən imtina edilir. 87 şəxsdən 25-nin işinə plagiat faktına görə imtina olunub. Elmlər doktorluğu üzrə isə plagiatlıqla bağlı imtina yoxdur. Dosent elmi adlarında 21 nəfərin işinə imtina verilib, ondan 10 nəfərə plagiat halına görə, professorluqda isə 6 şəxsə imtina verilib, bunlardan 2-si plagiat faktına görə olub.

 

Bu il ümumilikdə 265 diplom verilib, yəni müsbət qərar verilib, 135 şəxsə isə imtina verilib. Dissertasiya işlərinə imtinaların 42-si plagiatlıqla bağlı olub.

 

2015-ci ildən bəri əvvəlki illərlə nisbətdə verilən diplomların sayı az olsa da, imtina olunanların sayı çox olub. 2016-cı ildə 515 dosent, 2017-ci ildə 552, 2019-cu ildə 705, 2020-ci ildə 76 dosent diplomu, 2021-ci ildə isə 82 dosent diplomu verilib. 2019-cu ildə 2018-ci ildən qalmış işlərə baxılıb.

 

Ali Attestasiya Komissiyası 30 ilə yaxındır ki, fəaliyyət göstərir. Təsdiq olunmuş Əsasnaməyə görə, 10 il müddətində Azərbaycanda müdafiə etmiş şəxslərin işində müəyyən problemlər, əsasən, plagiat faktı tapılsa, o iş ləğv oluna bilər. Daha doğrusu, həmin şəxs aldığı elmi dərəcədən və elmi addan məhrum ola bilər. 30 ildə ilk dəfə belə hal olub. Müraciət əsasında 2017-ci ildə müdafiə etmiş şəxsin dissertasiya işi yoxlanılıb. Plagiat faktı təsdiqini tapdığından həmin şəxs müvafiq elmi dərəcədən məhrum edilib. İndiki yanaşmamız budur ki, gələcəkdə belə hallar olmasın deyə, işimizi daha ehtiyatlı tuturuq. Müraciətlər var, əvvəllər müdafiə etmiş şəxslərlə bağlı araşdırmalar aparırıq. Amma bəzi hallarda onlar öz təsdiqini tapmır. Ümumilikdə 2015-ci ildən hazıradək ölkəmizdə 2907 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi, 419 nəfərə isə elmlər doktoru elmi dərəcəsi verilib.

 

2015-ci ildə 618 şəxsə elmi dərəcə verilib, onlardan 543-ü fəlsəfə doktoru, 83-ü elmlər doktoru olub. 2016-cı ildə 178 şəxsə diplom verilib, onlardan 95-i fəlsəfə doktoru, 83-ü elmlər doktorudur. 2017-ci ildə 845 diplom verilib ki, bunlardan 762-si fəlsəfə, 83-ü elmlər doktoru, 2018-ci ildə 506 diplom verilib ki, bunlardan 444-ü fəlsəfə, 62-si elmlər doktoru olub. 2019-cu ildə elmi dərəcə ilə bağlı 353 diplom verilib, onların 300-ü fəlsəfə, 53-ü elmlər doktoru olub. 2020-ci ildə 265 diplom verilib. Onun 241-i fəlsəfə, 24-ü elmlər doktoru olub. 2021-ci ildə isə 153 şəxsə diplom verilib, onlardan 122-si fəlsəfə, 31-i elmlər doktorudur. Son illərdə ciddilik daha da artıb, sərtləşib və bunun hesabına verilən diplomların sayı azalıb. Hesab edirəm ki, bu, elə bir statistika deyil ki, daim aşağı doğru gedən trendlə xarakterizə olsun. Aydın məsələdir, müəyyən dərəcədə keyfiyyətə nail olduqdan sonra artım olacaq. Komissiya yeni tələblərlə işlədiyi dövrdə məsələlərə daha ciddi yanaşılır.

 

İşlərində müəllifinə və mənbəyinə istinad vermədən digər müəlliflərin materiallarından istifadə edildiyi, yəni elmi plagiat aşkar edildiyi təqdirdə iddiaçı ilə bərabər onun elmi rəhbərinə də qanunvericiliklə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilir.

 

Məsələnin hüquqi tərəfi belədir ki, həmin şəxslər 3 il müddətinə elmi rəhbərlikdən kənarlaşdırılır. Onlar Komissiyanın işi ilə bağlı heç bir mərhələdə rəy verə, şuraların işində iştirak edə bilmir, müdafiələrə üzv kimi cəlb olunmurlar. İndiki qaydalara görə, əgər şuranın fəaliyyətində davamlı olaraq plagiat hallarına rast gəlinirsə, belə fəaliyyət göstərən şuranın fəaliyyətinə xitam verə bilərik.

 

Plagiat faktlarının aşkar edilməsindən başqa digər hallarda elmi rəhbərliyə məhdudiyyət tətbiq edilmir.

 

Bu il 2 elmi rəhbərə münasibətdə bu cür tədbir görülüb. Bu, insan taleyidir. Burada bir şəxsin digərinə bağlılıq məsələsi böyük rol oynayır. Biz məhkəmə səviyyəsində araşdırma apara bilmirik ki, həmin şəxsin nə dərəcədə günahkar olduğunu bilək. Plagiat halı aşkarlananda elmi rəhbər həmin işə rəy verdiyi üçün bunu əsas götürürük ki, bu işə necə baxmısız ki, belə problemlər yaranıb?

 

- Ümumiyyətlə, ötən illərlə müqayisədə plagiat halları artıbmı?

 

- Plagiat hallarının artdığını deyə bilmərik, deyə bilərik ki, plagiat faktları ilə bağlı imtinaların sayı artıb. Amma təsdiq olunan işlərin içərisində plagiat var, yoxdur sualı sual olaraq qalır. Çünki hər bir işi yenidən qayıdıb yoxlaya bilmirik. Bu gün biz Azərbaycan, rus, ingilis, türk dilində olan ədəbiyyatları yoxlaya bilirik. Digər dillərdə olan ədəbiyyatları yoxlaya bilmirik, ona görə bilmədiyimiz dillərdə, texniki cəhətdən imkan olmayan sahələrdə belə hallara tam nəzarət edə bilmirik. Amma maraqlı hallar olur ki, bizə digər yollarla da müraciətlər olur. Ekspertlər bizə bu sahədə məlumat verirlər və ya iddiaçıların çalışdığı müəssisələrdən onların xəbəri olmadan bizə hətta ədəbiyyatları belə göndərirlər ki, bu ədəbiyyatdan köçürüb. Belə məlumatlar, əsasən, bizim ekspertiza işinə kömək edə bilir. Bəzi hallarda bu, ziyan da vurur, çünki çaşdırıcı məlumatlar da olur. Həqiqəti tapmaq üçün müəyyən zaman sərf etməli oluruq. Amma hər zaman çalışırıq ki, sonda verdiyimiz qərar obyektiv olsun.

 

- Xaricdə elmi dərəcə verilən neçə nəfərin sənədi tanınıb və neçəsindən imtina olunub? İmtina olunmasının əsas səbəbləri nələrdir?

 

- Xaricdə dissertasiya müdafiə etmiş şəxslərin də elmi dərəcə haqqında sənədlərini tanıyıb onları müvafiq ixtisaslar üzrə Azərbaycandakı elmi dərəcələrə ekvivalent hesab edirik. Bu il ərzində 26 şəxsin fəlsəfə doktoru diplomu tanınıb və onlara müvafiq şəhadətnamələr verilib. Bundan başqa, xaricdə verilmiş 4 elmlər doktoru diplomu tanınıb. Fəlsəfə doktorluğu üzrə 12 nəfərə imtina olunub, bunlardan 5-i plagiatlıqla bağlı olub. Elmlər doktorluğu üzrə isə 1 nəfərə imtina verilib. Təsəvvür edin, xaricdə müdafiə olunmuş dissertasiya işində plagiatlıq halı tapırıq.

 

Bəzi ölkələrdə müdafiə edən şəxslər həmin ölkənin dilini bilmədən müdafiə ediblər. Bəziləri isə deyir ki, biz ədəbiyyatı “Google” vasitəsilə tərcümə elətdirmişik. Belə gülünc cavablar eşitmişik. Bəzi şəxslər digər dildə müdafiə etdiyini deyir, amma aydınlaşdıranda müəyyən olub ki, məsələn Ukraynada müdafiə edib, amma nə Ukrayna, nə də rus dilini bilir. Amma o ölkədə diplomu alıb, biz imtina etmişik. Digər imtina halı plagiat faktları ilə bağlı olub. Türkiyə və İtaliyada müdafiə etmiş şəxslərin işində müəyyən plagiat faktları tapmışıq.

 

- Komissiya elmi dərəcədən və ya elmi addan məhrum edilmiş şəxsin elmi dərəcəsini və ya elmi adını hansı əsaslarla yenidən bərpa edə bilər? Əvvəllər elmi dərəcə və addan məhrum edilmiş, bu il bərpa edilən şəxslər varmı?

 

- Elmi dərəcə alan şəxsi həmin tarixdən 10 il müddətində məhrum edilmə prosesi gözləyə bilər. Kimsə elmi dərəcədən məhrum edilibsə, əgər elmi dərəcə aldığı tarixdən 10 il keçməyibsə, yenidən müraciət edib iddia qaldıra bilər. Qeyri-obyektiv qərar çıxarılıbsa, həmin şəxs öz hüququnu yenidən bərpa eləmək üçün kifayət qədər əsaslı dəlillər gətirirsə, məsələn, əvvəl deyilibsə ki, başqa ədəbiyyatdan köçürmüsən, amma onun hansısa yazısı olub, bu yazı əvvəllər müvafiq nəşrlərdə çap olunub və bizə sübut kimi təqdim olunarsa, bu mümkündür. Amma indiyədək məhrumetmə halından sonra yenidən bərpa olmayıb.

 

- Komissiya eyni zamanda elmi müəssisələrin akkreditasiyasını həyata keçirir. Bu il neçə qurum akkreditasiyadan keçirilib? Elmi müəssisələrin akkreditasiya qaydalarında dəyişiklik olacaqmı?

 

- Bu işi qurmaq üçün digər ölkələrin təcrübəsinə müraciət etməyi düşündük. Avropa İttifaqının bir layihəsi çərçivəsində “IBF International Consulting” şirkəti bizə bu sahədə dəstək verir. Layihə pilot olaraq seçilmiş 3 müəssisədə – AMEA, Kənd Təsərrüfatı Nazirliyi və Təhsil Nazirliyinin tabeliyində olan müəssisələrdə həyata keçirilir. Faktiki olaraq 3 qurumun hər birindən bir müəssisədə akkreditasiya prosesi gedir. Bununla bağlı təlimlər keçirdik. Həm də hər bir müəssisənin akkreditasiyası üzrə ekspert şuraları müəyyənləşdirdik. Həmin şuralara kadr, hüquq məsələləri ilə bağlı mütəxəssislər cəlb etmişik. Bu sahədə əsas məsləhətçimiz Aİ-nin əvvəllər Almaniya və Avstriyada Keyfiyyət Təminatı Agentliyinin rəhbəri olub. Hər 3 müəssisədə artıq özünü qiymətləndirmə prosesi gedir. Akkreditasiya işində belədir ki, müəssisənin özü ilk növbədə müəyyən anket məlumatları əsasında özünü qiymətləndirir. Sonra bizim ekspertlər özünüqiymətləndirmə hesabatlarını yoxlayacaqlar. Harada sual yaransa, ekspertlər məhz oranı dərindən yoxlayacaq. Sonra akkreditasiya ilə bağlı Komissiyaya müvafiq tövsiyələrini verəcəklər. Hesab edirəm ki, gələn ilin əvvəlində akkreditasiya ilə bağlı pilot layihə əsasında müvafiq qərarlar verəcəyik. Bu gün əsas sənəd kimi Nazirlər Kabinetinin akkreditasiya ilə bağlı qərarını götürürük. Hesab edirik ki, pilot layihə çərçivəsində akkreditasiya bitdikdən sonra sənədə müvafiq dəyişikliklər olmalıdır. Pilot layihə başa çatdıqdan sonra əsaslı bir sənəd hazırlanmasını, normativ bazada yeniliklər etməyi düşünürük. Bundan sonra planlı şəkildə Azərbaycanda fəaliyyət göstərən elmi müəssisələrin akkreditasiyasını həyata keçirəcəyik. Bu iş hər bir halda beynəlxalq standartlara istiqamətli olmalıdır. Bizdə elmi müəssisələrin hamısı demək olar ki, dövlət büdcəsindən maliyyələşir. Ona görə də dövlət adından maraqlıyıq ki, büdcədən maliyyələşən təşkilatların dövlət üçün əhəmiyyətini müəyyənləşdirək. Akkreditasiyanın mənası dolayısı ilə bundan ibarət olacaq. Bu gün bizim qoyduğumuz tələblər hansısa beynəlxalq standartlardan nisbətən aşağı ola bilər, çünki o tələbləri tətbiq eləsək, müəssisə və kadrların fəaliyyəti ilə bağlı ciddi fəsadlar meydana çıxar. Biz bu işdə keyfiyyətə doğru mərhələli addımları əsas götürəcəyik. Getdikcə tələblərin artırılmasına doğru istiqamətlənəcəyik.

 

- Ölkədə alimlərin yaş göstəriciləri, sayı standartlara uyğundurmu? Biz “yaşlı elm” tendensiyasından necə xilas ola bilərik? Elmdə gənc, innovativ kadrları artırmaq üçün hansı addımlar atılmalıdır?

 

- Hesab edirəm ki, bu, bir qurumun - nə AMEA-nın, nə Təhsil Nazirliyinin, nə də Komissiyanın işi deyil. Elmə maraq tendensiya kimi qəbul oluna bilər. İnsanlar bir qayda olaraq ali təhsil aldıqdan sonra elmə üz tuturlar. Burada əlbəttə ki, maddi vəziyyət vacib şərt olur. Ali təhsil müəssisəsini bitirib tez nəticə almaq istəyirsə, daha yüksək əməkhaqqı verilən müəssisəyə üz tutmağa çalışır. Bəzilərinin nə qədər yüksək savadı, biliyi olsa da, elmə birbaşa istiqamətlənmirlər. Dissertasiya müdafiə edənlərin 40 faizə qədəri 40 yaşdan yuxarı, 60 faizdən çoxu 40 yaşa qədər olan şəxslərdir. Yəni burada elə problem yoxdur.

 

Yaşlı nəslin elmi müəssisələrdə çalışması mənfi hal kimi qəbul olunmamalıdır. Sadəcə olaraq, yeni mexanizmlər qurulmalıdır ki, onlar öz bilik və təcrübələrini gənc alimlərə ötürə bilsinlər. Bu məsələ həll olunmalıdır. Alimlər yaşlıdır deyib, bu rakursdan məsələyə baxmaq düzgün olmaz. Bütün ölkələrdə yaşlı və cavan alimlər var. Aydın məsələdir ki, innovativ ideyalar, əsasən, gənclərə aiddir. Düşünürəm ki, artıq bizdə də kifayət qədər gənc texnika, təbiət, kompüter elmlərinə istiqamətlənir. Gələcəkdə, əsasən, bu sahələrdəki tədqiqatlara üstünlük veriləcək.

 

- Xaricdəki yaşlı və gənc alimlərin ixtiraları, kəşfləri ilə barədə tez-tez eşidirik. Azərbaycanda isə belə hallara demək olar rast gəlinmir...

 

- Yüksək nəticəli tədqiqatlar birbaşa maliyyəyə bağlıdır. Bu, elə bir şey deyil ki, 1 gün ərzində nəticə əldə edilsin. Tədqiqat aparmaq üçün laboratoriyalar, avadanlıq, bu işdə maraqları olan partnyorlar lazımdır. Kifayət qədər vəsait tələb edən işdir. Söhbət, əsasən, təbiət elmlərindən gedir. Humanitar sahədə tədqiqat üçün böyük vəsaitə ehtiyac olmur. Düşünürəm ki, burada xüsusi proqramlar olmalıdır. Hansı sahələr bizim dövlətimiz və iqtisadiyyatımız üçün maraqlıdırsa, o sahələrə önəm verilməli, burada maliyyələşmə də xüsusi olmalıdır. Beynəlxalq aləmdə birgə tədqiqatlara da meyl etməliyik. Bu zaman yaxşı nəticə olma ehtimalı daha çoxdur. Nəticə bu gün də var, amma dünya səviyyəsində səs çıxara biləcək nəticələrdən söhbət gedir. Hamıya bərabər maliyyə ayrılması ilə biz nəticə ala bilmərik. Güman ki, burada strateji hesab olunan sahələr müəyyənləşməlidir. Sıçrayışlı nəticə almaq istəyiriksə, ora xüsusi diqqət və kifayət qədər vəsait ayrılmalıdır. Bu, mənim alim kimi fikrimdir.

 

- Ölkədə elmi işlərin və alimlərin vahid elektron bazası varmı? Belə bir bazanın yaradılması nəzərdə tutulurmu?

 

- Belə bazanın platforması demək olar ki, əsasən, qurulub. Ümumilikdə çətin iş deyil, sadəcə, işin həcmi böyükdür. Baza üçün proqram təminatı hazırlanıb. Burada ölkə üzrə bütün sahələrdə fəaliyyət göstərən alimlərin vahid bazasından söhbət gedir. Hər bir müəssisə bu sistemə qoşulacaq. Bununla bağlı AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu ilə birlikdə çalışırıq. 2022-ci ildə bu iş yəqin ki, əsasən, qurulacaq. Bu işin strukturunu, əsasən, müəyyənləşdirmişik. Sistemin işə düşməsi üçün müəssisələrdə əlaqələndirici şəxslər müəyyən olunmalıdır. Sistemə hansı məlumatların daxil edilməsi, proqramın necə işləməsi müzakirə olunub. Sistemin daim yenilənməsi mexanizmini də düşünmüşük. Hər bir alimin orada şəxsi kabineti olacaq. Artıq bir sistemdə görəcəyik ki, hansı elm sahəsində nə qədər alimimiz var və onların hansı tədqiqatları mövcuddur. Burada yaş, cins kateqoriyaları üzrə məlumatlar da yer alacaq.

 

- Ölkədə elmi müəssisələrin və ixtisasların nomenklaturası daha çox sovet sistemindən qalmadır. Bir-birini təkrarlayan elmi müəssisə və ixtisaslar kifayət qədərdir. Bu da bir növ elmi müəssisələrin səmərəsizliyi fikrini formalaşdırır. Bu vəziyyəti düzəltmək üçün Komissiyanın hansı təklifləri var? Yeni nomenklatura nə zaman formalaşacaq?

 

- Elmi müəssisələrin bir-birini təkrarlaması məsələsi ilə bağlı deyə bilərəm ki, konkret belə müəssisələr yoxdur. Ola bilər ki, bir ali təhsil müəssisəsində elmi tədqiqat aparılır, oxşar tədqiqatlar hansısa elmi müəssisədə də icra olunur. Bunlar da bir-birinə tam bağlı təşkilatlar deyil. Akkreditasiya işində bu məsələlər də üzə çıxacaq. Bir-birini təkrarlayan tədqiqatlar müxtəlif elmi müəssisələrdə dövlət büdcəsindən ayrılan vəsaitin qeyri-effektiv xərclənməsi kimi də qiymətləndirilə bilər. Dövlət büdcəsindən maliyyələşən eyni işi görən təşkilatların olması əlbəttə ki, məntiqsiz sayılır. Amma rəqabət məsələsi də var. Rəqabət olmayan yerdə keyfiyyət olmur. Burada bir tərəfdə maliyyə, bir tərəfdə onun qarşılığında ortaya qoyulan iş durur. Düşünürük ki, akkreditasiya işində bu məsələyə xüsusi diqqət yetirilməlidir. Eyni xarakterli müəssisələr güclərini birləşdirməlidir. Dünya hər yeni gün dəyişir. Dünyanın müasir tələblərindən biri odur ki, insanlar 5 il əvvəl aldıqları bilikləri təzələməsələr, müasirliklə ayaqlaşa bilməzlər. Hər bir texnoloji dəyişiklik yeni biliklər tələb edir. Bilikləri almaq üçün insanlar, ilk növbədə, özlərini maarifləndirməlidir. Daim oxumalı, elmlə bağlı konfranslarda müzakirələrə qatılmalı, təcrübədə tətbiq etməlidirlər. Müasir dünya getdikcə süni intellektin həyatın bütün sahələrinə müdaxilə etməsi istiqamətində inkişaf edir. Buna bağlı olan ixtisaslar nomenklaturaya əlavə olunmalıdır. Komissiya yalnız doktorantura təhsilinin nəticəsində müdafiə işlərini qiymətləndirir. İxtisasların nomenklaturasına ali təhsilin əvvəlki səviyyələrdə dəyişiklik olmalıdır. Bakalavr və magistr səviyyələrində müasir ixtisaslar əlavə olunmalı və doktoranturalarda varislik prinsipinə əsaslanaraq ona uyğun ixtisaslaşmalıdır. Müasir texnologiyalardan yararlanmaqla doktorantlarımıza elmi rəhbər kimi digər ölkələrin alimlərini də cəlb etmək olar. Bu yolla qısa müddətdə yerli mütəxəssislərimizi yüksək ixtisaslı, beynəlxalq səviyyəli mütəxəssis kimi hazırlaya bilərik. Artıq doktorantura ilə bağlı dövlət proqramı da mövcuddur. Dövlət vəsaiti hesabına kifayət qədər şəxs xaricdə doktorantura səviyyəsində təhsil alır. Bunun da nəticəsini yaxın gələcəkdə görəcəyik. Nomenklatura dəyişiklik ilə bağlı bizə aid hissədə təkliflərimizi verəcəyik. Ekspert şuraları vasitəsilə nomenklaturada edilə biləcək yeniliklər üzərində işləyirik. Nomenklatura daim yenilənməlidir. Komissiya olaraq bəzi ixtisasları nomenklaturaya əlavə etmək istiqamətində işlər görürük. O cümlədən köhnəlmiş, artıq sıradan çıxmış ixtisasları da nomenklaturdan çıxarmaq istiqamətində işlər görülür.


30.12.2021





Digər xəbərlər