Bağla


Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, professor Famil Mustafayevin “Xalq qəzeti”nə müsahibəsi

 

Qloballaşan dünyanın çağırışları elmin inkişaf meyarlarının təkmilləşməsində də özünü təsdiq etməkdə və Qarabağ zəfəri ilə canlanan Azərbaycan reallıqlarında da özünü göstərməkdədir. Üç il əvvəl demək olar ki, bütün fəaliyyət istiqamətlərindəki  dəyişiklikləri və yenilikləri ilə gündəmə gələn Azərbaycan Respublikasının Prezidenti yanında  Ali Attestasiya Komissiyasının (AAK) fəaliyyəti  bu gün də elmi ictimaiyyətin diqqət mərkəzindədir. Bu fəallıq “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”yə  və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”yə edilən  dəyişikliklər haqqında Prezident fərmanından sonra bir qədər də aktuallaşdı. 
Ötən dövr nələri ilə yadda qaldı? Elmi kadrların hazırlığında və elmi potensialın inkişafında önəmli rol oynayan AAK-ın fəaliyyət planlarına daha nələr daxildir? Suallarımızı  komissiyanın sədri, professor Famil Mustafayev cavablandırır.

 

– Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş  “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə” və  “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə” elmi dərəcə və elmi adların verilməsində yeni dövrün başlanğıcı kimi qeyd edilməlidir. Müvafiq normativ aktlar çox proqressiv dəyişikliklərin təminatçısı oldu: dissertasiya şuraları formalaşdırıldı, elmi seminarların fəaliyyəti təşkii edildi, müdafiənin keçirilməsi və səsvermə prosedurlarına əsaslı dəyişikliklər edildi.

COVID–19 pandemiyası ilə mübarizə çərçivəsindəki məhdudiyyətlər elm və təhsilə təsirini daha bariz göstərdi. Bununla əlaqədar komissiyanın Rəyasət Heyətinin 29.01.2021-ci il tarixli qərarı ilə xüsusi karantin rejimi dövründə dissertasiya şuralarının nəzdində fəaliyyət göstərən elmi seminarlarda müzakirələrin və dissertasiya şuralarında müdafiələrin təşkili və keçirilməsinə dair tələblər təsdiq edildi. Həmçinin dissertasiya şuralarında qərarların qəbulu zamanı səsvermə AAK-ın rəsmi saytı üzərindən elektron formada onlayn rejimdə keçirilməyə başlanıldı. İndi də dissertasiya şuralarında səsvermə elektron qaydada həyata keçirilir ki, bu da şəffaflığın təmin edilməsi və prosedurların asanlaşması baxımından faydalıdır.

 

– AAK-ın son illərdəki fəaliyyəti şəffaflığı ilə gündəmdə oldu. Hətta  son 3 ildə hər ay elmi dərəcə və elmi ad verilmiş və ya verilməsindən imtina edilmiş iddiaçıların sayı barədə məlumatlar belə açıqlandı. 

 

– Doğru qeyd edirsiz, şəffaflıq işimizin önəmli bir hissəsi oldu. 2019-ci ildən fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiələri üçün 55 elmi təşkilatda, ali təhsil müəssisəsində 215 dissertasiya şurası (79 üçillik səlahiyyət müddəti ilə; 136 birdəfəlik) fəaliyyət göstərib. 2020–2022-ci illər ərzində 1304 müdafiə keçirilmişdir (1100 fəlsəfə doktoru, 204 elmlər doktoru elmi dərəcəsi üzrə).

 Dissertasiya şuralarına ABŞ, Rusiya, Ukrayna, Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Belarus, Böyük Britaniya, ABŞ və Yaponiya da daxil olmaqla 10 ölkədən 16 elm sahəsi üzrə 75 yüksək ixtisaslı mütəxəssis cəlb edilmişdir. Bu təcrübənin müsbət nəticələri nəzərə alınaraq post-pandemiya dövründə də əcnəbi mütəxəssislərin dissertasiyaların müdafiəsi prosesinə cəlb edilmələri nəzərdə tutulur.

2019-cu ildə müvafiq əsasnamələrin qəbulundan sonra 2020-2022-ci illər ərzində komissiyada 747 fəlsəfə doktoru, 134 elmlər doktoru elmi dərəcəsinin, 133 dosent, 27 professor elmi adının verilməsi barədə qərar qəbul edilmişdir. Xarici ölkələrdə alınmış 73 fəlsəfə doktoru, 7 elmlər doktoru elmi dərəcəsi haqqında sənəd təkrar attestasiya əsasında tanınmışdır. Bununla yanaşı, 346 fəlsəfə doktoru, 35 elmlər doktoru elmi dərəcəsinin, 27 dosent, 11 professor elmi adının verilməsindən imtina edilmişdir. Xarici ölkələrdə alınmış 24 fəlsəfə doktoru, 2 elmlər doktoru elmi dərəcəsi haqqında sənədin təkrar attestasiya əsasında tanınmasından imtina edilmişdir.

Ümumilikdə, müvafiq əsasnamələrin qəbulundan sonra 2020–2022-ci illər ərzində komissiyada 24 elm sahəsi üzrə 1108 iddiaçıya elmi dərəcə və elmi adlar verilmiş, nostrifikasiya və təkrar attestasiya əsasından müvafiq sənədləri tanınmış, 444 iddiaçıya isə elmi dərəcə və elmi adlar verilməsindən, həmçinin nostrifikasiya və təkrar attestasiya əsasından müvafiq sənədlərin tanınmasından imtina edilmişdir.

 

– Cənab sədr, dissertasiya şuralarının fəaliyyətindəki prosedur pozuntularla necə mübarizə aparırsınız?

 

– Pozuntular kifayət qədər çoxdur: iddiaçıların hazırladıqları dissertasiyanın profili üzrə elm sahəsində ali təhsilləri olmadıqda həmin elm sahəsinin ümumelmi əsaslarından əlavə imtahan verməmələri; iddiaçıların beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan nəşrlərdə məqalə dərci ilə bağlı tələbi yerinə yetirməmələri; iddiaçının ali təhsil haqqında diplomunun dövlət nümunəli sənəd olmaması; rəsmi opponent və iddiaçının eyni kafedra, laboratoriya və ya şöbədə işləməsi; rəsmi opponentlərin eyni təşkilatı təmsil etməsi; dissertasiya şurasında səsvermənin nəticəsinin mənfi olmasına baxmayaraq komissiya qarşısında elmi dərəcənin verilməsi üçün vəsatət qaldırılması; müdafiədə ixtisas üzrə zəruri sayda mütəxəssis iştirak etmədiyi halda şuranın iclasının səlahiyyətli sayılması; dissertasiya işində işarə sayına dair tələblərin gözlənilməməsi və s. Bütün bunlara baxmayaraq dissertasiya şuralarının fəaliyyətini qənaətbəxş hesab etmək olar. Xüsusilə, karantin rejimi şəraitində müdafiələrin distant təşkilinə qısa zamanda adaptasiya olunmuşdur.

Müdafiə prosedurunun pozulduğunun aşkar edilməsi halları ilə yanaşı 81 iddiaçının müəllif və mənbəyə istinad vermədən digər müəlliflərin materiallarından istifadə etdiyinin, yəni elmi plagiat faktları aşkar olunmuşdur. Komissiyanın tarixində ilk dəfə olaraq 2021-ci ildə elmi plagiat faktı aşkarlandığına görə əvvəllər verilmiş fəlsəfə doktoru elmi dərəcəsindən məhrumetmə haqqında qərar qəbul edilmişdir.

Komissiya dissertasiya şuraları tərəfindən təqdim edilən işlərin ekspertizası zamanı psevdoelmi nəticələrin təqdim edilməsi, əvvəllər irəli sürülmüş elmi nəticələrin yeni elmi nəticələr kimi qələmə verilməsi cəhdləri, digər müəlliflər tərəfindən irəli sürülmüş elmi müddəalara xırda müdaxilələr etməklə plagiat faktlarının aşkarlanmasından yayınma halları ilə rastlaşır. Halbuki, müasir dövrdə elmi araşdırmalar elmin müxtəlif sahələrində real tətbiqi mümkün olan, kommersiyalaşa bilən elmi nəticələrin üzərində fokuslanmalıdır. Xüsusilə də dəqiq və təbiət elmləri sahəsində kommersiyalaşdırılması mümkün olan elmi nəticələrə əhəmiyyət verilməlidir. Elmi dərəcələrin alınması məqsədilə təqdim edilən işlərin təhlilindən belə bir nəticəyə gəlmək mümkündür ki, elmi nəticələr yalnız dissertasiyanın müdafiəsi xatirinə yazılır, praktiki tətbiq məsələləri araşdırılmır, aprobasiyası lazımi qaydada həyata keçirilmir. Bunun nəticəsində də kommersiyalaşdırılması imkanları olan elmi nəticələrə hazırda çox az rast gəlinir. Hesab edirik ki, dissertasiya mövzuları seçilərkən və sonrakı tədqiqat mərhələlərində problemlərin, araşdırılan sahə üzrə məsələlərin düzgün müəyyən olunması qeyd olunan halların aradan qaldırılması istiqamətində həll üsullarından biri kimi çıxış edə bilər.

 

– Ölkə başçısının AAK-ın işinin möhkəmləndirilməsi və nüfuzunun artırılması istiqamətində 11 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq olunmuş əsasnamələrə az bir vaxtdan sonra yeni dəyişikliklər– 26 noyabr 2022-ci il fərmanı gözlənilən idimi?

 

– Elmi dərəcə və elmi adların verilməsi sahəsində görülmüş işlərin və  təcrübədən əldə edilmiş məlumatların təhlili zamanı bir sıra ixtisaslar üzrə yüksək ixtisaslı mütəxəssis çatışmazlığı, o cümlədən, təcrübədə bəzi prosedur, qayda və şərtlərin səmərəliliyinin artırılması ehtiyacı səbəbindən normativ bazaya bir sıra yeniliklərin edilməsi zərurətinin olduğu müəyyən edilmişdir. Burada əsas məqsəd elmi fəaliyyətin imitasiyası, psevdoelm və elmi nəticələrlə spekulyasiya hallarını istisna edən qiymətləndirmə sisteminin formalaşdırılmasından ibarətdir. Qeyd olunanlar nəzərə alınaraq, habelə elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılmasını təkmilləşdirmək və elmi tədqiqatların səviyyəsini yüksəltmək məqsədilə ölkə başçısının 26 noyabr 2022-ci il tarixli fərmanı zəruri addımdır.

 

– Dəyişikliklər 2 bənddə özünü təsdiq edir. Öncə “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə” üzrə edilən dəyişikliklərdən danışaq.

 

– Önəmli bir dəyişiklik fəlsəfə doktoru imtahanları ilə bağlıdır. Əcnəbi vətəndaşların doktoranturaya cəlb edilməsi həm ali məktəblərimizin xarici ölkələrdə tanınması, həm də ölkəmizə investisiya qoyulması baxımından önəmlidir. “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”də əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların “Azərbaycan dili” fənnindən fəlsəfə doktoru imtahanı vermələri tələb olunurdu. Bu da əlavə maliyyə yükünün yaranması, müvafiq ali məktəb və ya elmi müəssisələrdə dil kurslarının təşkil edilməsi zərurəti yaradırdı. Əsasnamənin bu tələbində dəyişiklik edilərək, ingilis dilində müdafiə edən əcnəbi vətəndaşların Azərbaycan dilindən imtahan verməsi şərti aradan qaldırılmışdır. Dəyişikliklə Azərbaycan dili fənnindən fəlsəfə doktoru imtahanı tələbi yalnız dissertasiyanı Azərbaycan dilində yazan və müdafiə edən əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün nəzərdə tutulmuş, dissertasiya işinin ingilis dilində də təqdim edilə bilməsi öz əksini tapmışdır.

Digər dəyişiklik həmmüəllifsiz məqalə tələbidir. İddiaçıdan fəlsəfə doktoru dissertasiyasının nəticələrinə dair iki, elmlər doktoru dissertasiyasının nəticələrinə dair beş həmmüəllifsiz məqalə dərc etməsi tələb olunurdu. O cümlədən, elmi ad iddiaçılarına münasibətdə də həmmüəllifsiz məqalə tələbi “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”də müəyyən edilirdi. Həmmüəllifsiz məqalələrin yazılması bir sıra elm sahələrində, xüsusilə dəqiq və təbiət elmlərində iddiaçılar üçün bəzi çətinliklər yaradırdı. Dəqiq və təbiət elmlərində müxtəlif təcrübələr, ölçmələr, hesablamalar bir neçə tədqiqatçılar tərəfindən aparıldığı üçün həmmüəllifsiz məqalələr yazıldığı zaman müxtəlif cihaz və avadanlıqlarla çalışan insanların əməyi itirilmiş olurdu. Bu kimi halların qarşısını almaq məqsədilə beynəlxalq təcrübə də nəzərə alınmaqla, məqalə sayı ilə bağlı tələblər saxlanılmaqla əsasnamələrin müvafiq bəndləri üzrə həmmüəllifsiz məqalələrə olan tələblər ləğv edilmişdir. Bununla belə, həmmüəllifli elmi işlər təqdim edildiyi təqdirdə həmin işlərin ərsəyə gəlməsində əməyi olan həmmüəlliflərin iştirak payının göstərilməsi vacibdir.

 

– Dəyişikliyə müvafiq olaraq elmlər doktoru dissertasiyalarının müdafiəsi zamanı dissertasiya şurasının üzvü olan fəlsəfə doktorlarının da müdafiənin yekunları üzrə səsvermədə iştirak etmələri mümkün olacaq?

 

– Daim yenilənən müasir dünyamızda dövlətimizin gənclərin qarşısına qoyduğu əsas vəzifələrdən biri də onların dünyada və ölkəmizdə baş verən sürətli inkişaf prosesinə cəlb olunmasıdır. Ölkə başçısının elmi dərəcə və elmi adların verilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi haqqında son fərmanı da bu istiqamətdə atılmış mühüm addımlardan biri hesab edilməlidir. Belə ki, “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”də dissertasiya şurasında müdafiə zamanı iştirak etməli olan elmlər doktorlarına münasibətdə müəyyən edilmiş say tələbi azaldılaraq, fəlsəfə doktoru dissertasiyalarının müdafiəsi üçün yaradılmış dissertasiya şurasının tərkibində ixtisas üzrə azı 2, elmlər doktoru dissertasiyalarının müdafiəsi üçün yaradılmış dissertasiya şurasının tərkibində isə ixtisas üzrə azı 4 elmlər doktorunun təmsil olunması müəyyən olunmuşdur. Edilmiş dəyişikliyə müvafiq olaraq elmlər doktoru dissertasiyalarının müdafiəsi zamanı dissertasiya şurasının üzvü olan fəlsəfə doktorlarının da müdafiənin yekunları üzrə səsvermədə iştirak etmələri mümkün olacaq. Elmlər doktorlarının sayının azaldılması gənclərin dissertasiya şuralarında təmsil olunmasına şərait yaradacaq, dissertasiya şuralarının tərkibinə yaradıcı və istedadlı gənclərin daxil edilməsi müdafiə prosesində elmi bilik və bacarıqların üzə çıxarılması istiqamətində faydalı diskussiyaların aparılması ilə nəticələnəcəkdir.

 

– Rəsmi opponent təyinatı ilə bağlı hansı dəyişikliklər var?

 

– Fəlsəfə və elmlər doktoru dissertasiyalarının müzakirələrinin keçirildiyi elmi seminarların sədri vəzifəsinə qanunvericiliyin tələbi ilə həmin ixtisas üzrə dissertasiya şuralarının üzvü olan elmlər doktorları təyin edilirlər. Elmi seminar sədrlərinin dissertasiya işlərinin müdafiəsi ərəfəsində şura tərəfindən rəsmi opponent qismində təyin edilmələri ilə bağlı məhdudiyyət “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”də dəyişikliyə qədər nəzərdə tutulmamışdır. Lakin elmi seminar sədrinin müdafiə prosesində təqdim olunan işlərdə elmi nəticələrin qiymətləndirilməsi üzrə daşıdığı cavabdehliyi və məsuliyyəti nəzərə alınmaqla qərəzsiz mövqeyinin təmin olunması son dərəcə zəruri hesab edilmişdir. Bu baxımdan, cənab Prezidentin 26 noyabr 2022-ci il tarixli fərmanı ilə müdafiə zamanı həlledici vəzifələri yerinə yetirən şəxsin eyni zamanda opponentlik etməsinə məhdudiyyətin tətbiq edilməsi obyektivliyin artırılması istiqamətində mühüm addım kimi qiymətləndirilməlidir.

 

– “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”yə edilən dəyişiklikləri necə  şərh edərdiniz?

 

– Professor elmi adının verilməsində keyfiyyətin yüksəldilməsi istiqamətində təkmilləşdirmələr aparılaraq, iddiaçıların elmi fəaliyyətini stimullaşdırmaq və eyni zamanda bir insanın nailiyyətinin başqasından asılılığını aradan qaldırmaq məqsədilə H-indeksi tələbi əlavə edilməklə iddiaçılar qarşısında yeni imkanlar yaradılmışdır. Prezidentin 26 noyabr 2022-ci il tarixli fərmanı ilə professor elmi adının verilməsinə dair normativ-hüquqi aktda iddiaçının seçiminə uyğun olaraq yerinə yetirilməsi zəruri olan tələblərə H-indeksi ilə bağlı yeni alternativ əlavə edilmişdir. Yeni dəyişikliyə əsasən iddiaçılar beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərində (bazalarında) humanitar və ictimai elmlər üzrə azı beş, dəqiq və təbiət elmləri üzrə azı on olmaqla H-indeksinə (özünə istinadlar istisna olmaqla) sahib olmalıdırlar. H-indeksi alimlərin, alim qrupunun, elmi təşkilatın fəaliyyətinin elmi məqalələr və həmin məqalələrə istinada görə müəyyən olunan kəmiyyət göstəricisidir. Bu şərt ödənilməklə professor elmi adı iddiaçılarının yalnız müvafiq qaydada elmi məqalələr dərc etdirmələri deyil, o cümlədən, həmin məqalələrə beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərində (bazalarında) ediləcək istinadlar da onların elmi və elmi-pedaqoji fəaliyyətinin qiymətləndirilməsi üçün müasir dövrün zərurətinə çevriləcəkdir. “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”yə H-indeksi ilə bağlı əlavənin edilməsi, Azərbaycan alimlərinin nəticələrinin qlobal elmi məkana inteqrasiyası üzrə tədbirlərin icrası baxımından da zəruri hesab edilir.

 

– Yəqin mətbuatda gedən polemikalarla tanışsız. Bir fakt xüsusi diqqətdə oldu: professor olmaq çətinləşir...

 

– Belə düşünmürəm. Professor elmi adının alınması üçün iddiaçının seçiminə əsasən yerinə yetirilməli olan tələblər sırasına daha bir alternativ əlavə edilmişdir. Bu tələb iddiaçının müvafiq ixtisas üzrə xaricdə siyahısı komissiya tərəfindən müəyyən edilən akademik nəşriyyatlarda həmmüəllifsiz monoqrafiya (xarici dildə yazılmalı, elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin elmi şurasının qərarı ilə çapa tövsiyə edilməli, elmlər doktoru dissertasiyasını təkrarlamamalı və həcmi dörd yüz min işarədən az olmamalıdır) nəşr etdirməsini nəzərdə tutur. Bu halda “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 3.1.3-cü yarımbəndi ilə nəzərdə tutulmuş monoqrafiyanın nəşr etdirilməsi tələb olunmur.

 

– Mədəniyyət, incəsənət və ya memarlıq sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmiş iddiaçılarla bağlı dəyişikliklə bağlı nə deyərdiniz?

 

– Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi – mədəniyyətin inkişafında xüsusi xidmətlərinə görə mədəni-maarif müəssisələrinin, qəzet və jurnal redaksiyalarının, nəşriyyatların, kitab ticarətinin, poliqrafiya müəssisələrinin, televiziyanın, radio verilişlərinin, kinonun, turist-ekskursiya təşkilatlarının, idarələrinin işçilərinə, bədii özfəaliyyət iştirakçılarına və mədəniyyət idarələri və təşkilatları sisteminin digər işçilərinə mədəniyyət sahəsində azı iyirmi il işlədikdə verilən fəxri addır. Elmi ad iddiasında olan şəxslər elmi və ya elmi-pedaqoji fəaliyyətlə məşğul olmalı, davamlı olaraq elmi biliklərin əldə edilməsi, tətbiqi və təbliğinə yönəlmiş elmi tədqiqat və yaradıcılıq fəaliyyəti həyata keçirməlidirlər. Edilmiş dəyişikliyə müvafiq olaraq mədəniyyət, incəsənət və ya memarlıq sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmiş Xalq artisti, Xalq rəssamı, Əməkdar incəsənət xadimi, Əməkdar artist, Əməkdar rəssam, Əməkdar memar olan və ya uyğun sahələr üzrə respublika və ya beynəlxalq miqyaslı müsabiqə, sərgi, festival, baxış və mükafatların laureatı və ya qalibi olan, yaxud onları hazırlayan iddiaçılara “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə” ilə müəyyən edilən müvafiq tələblər ödənildiyi təqdirdə elmi ad verilə bilər. Bununla da yüksək ixtisaslı elmi kadrların hazırlanması sahəsində davamlı elmi və elmi-pedaqoji fəaliyyət həyata keçirən şəxslərin iddiaçı qismində çıxış edə bilmələri təmin olunur.

 

- Gizli səsvermənin keçirilməsi barədə müddəaların konkretləşdirilməsi nəyi nəzərdə tutur?

 

–  Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında ilk dəfə elektron qaydada səsvermənin təşkili, bu prosesə nəzarət və obyektivliyin təmin olunması istiqamətində proqressiv addımlardan hesab olunur. Dissertasiya şurasının iclasında müdafiənin yekunu üzrə səsvermə zamanı şurada təmsil olunan ixtisas üzrə üzvlərin və digər şura üzvlərinin müəyyən olunmuş, bütövlükdə üçdə iki hissəsinin səsverməsi təcrübədə çətinliklərin yaranmasına səbəb olurdu. Belə ki, şura üzvləri üzrlü səbəblərdən iclasda iştirak edə bilmədikləri hallarda qeyd olunan tələbi ödəyərək səsverməni keçirmək mümkün olmurdu. Bu baxımdan, edilmiş yeni dəyişiklik qeyd olunan məqam ilə bağlı qeyri-müəyyənliyi aradan qaldıraraq yalnız iclasda iştirak edən üzvlərin gizli səsvermədə iştirak edə bilməsini müəyyən edir.  Habelə dəyişiklik nəticəsində gizli səsvermənin “mərhələ” anlayışı olmadan, forması Komissiya tərəfindən müəyyən edilən bülletenlər vasitəsilə birbaşa keçirilməsinin nəzərdə tutulması da hüquqi normanın birmənalılığını təmin etmiş olur.

 

– Cənab sədr, fürsətdən istifadə edib bir məsələyə də toxunaq: jurnalistikaya aid  dissertasiya şurasının yaradılması mümkündürmü və hansı işlərin aparılmasına ehtiyac var?

 

– Maraqlı sual oldu. Jurnalistikaya dair elmi araşdırmaların kəmiyyət və keyfiyyətini artırmaq üçün belə bir addımın atılması mümkündür. Amma imkanlar, xüsusən də elmi potensialın, o cümlədən, elmi kadr potensialının imkanları ciddi araşdırılmalıdır və bundan sonra bu sualın birmənalı cavabını vermək olar. 

 

– Çox sağ olun. Ümid edirəm ki, elmi ictimaiyyətə onları düşündürən bir sıra sualların cavabını tapmaqda imkan yaratdınız.

 

– Mən təşəkkür edirəm. Bütövlükdə, Azərbaycan Respublikası Prezidentinin elmi dərəcələr və elmi adlar verilməsi qaydası haqqında əsasnamələrə dəyişiklik edilməsi haqqında 26 noyabr 2022-ci il tarixli fərmanı elmi və elmi-pedaqoji kadrların attestasiyası işinin aparılmasını təkmilləşdirmək, elmi tədqiqatların səviyyəsini yüksəltmək istiqamətində aparılan siyasətin tərkib hissəsi və davamıdır.

 

Namiq QƏDİMOĞLU,
Elşən AĞALAROV (foto) 
“Xalq qəzeti”


15.12.2022





Digər xəbərlər