28 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 14 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 51 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Kimya, biologiya elmləri, tibb elmləri, texnika elmləri, əczaçılıq elmləri, iqtisad elmləri, tarix, fəlsəfə və filologiya elmləri üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 21 iddiaçıya fəlsəfə doktoru diplomları, biologiya elmləri və hüquq elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 2 iddiaçıya elmlər doktoru diplomları, Türkiyə Respublikası Ankara Universitetinin Sosial Elmlər İnstitutunda siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Trakya Universitetinin Sosial Elmlər İnstitutunda siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Anadolu Universitetinin Sosial Elmlər İnstitutunda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Almaniya Federativ Respublikası Ştutqart Universitetində texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Türkiyə Respublikası Uluslararası Şurada riyaziyyat elm sahəsi üzrə dosent elmi adı verilmiş 1 iddiaçıya və Ukrayna Təhsil və Elm Nazirliyinin Ukrayna Milli Elmlər Akademiyası V.M. Koretski adına Dövlət və Hüquq İnstitutunda hüquq elmləri doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.
İqtisad elmləri sahəsində “Sahə iqtisadiyyatı” ixtisası üzrə 3, filologiya elmləri sahəsində “Azərbaycan ədəbiyyatı”, “Türk xalqları ədəbiyyatı”, “Dil nəzəriyyəsi”, biologiya elmləri sahəsində “Bitki fiziologiyası”, “Radiobiologiya”, “Entomologiya”, texnika elmləri sahəsində “Hidrotexniki tikinti”, “İnformasiya-ölçmə və idarəetmə sistemləri (sənaye üzrə)”, “Məsafədən aerokosmik tədqiqatlar”, fizika elm sahəsində “Radiasiya materialşünaslığı”, kimya elm sahəsində “Kompozit materialların kimyası texnologiyası”, aqrar elmlər sahəsində “Ekologiya”, tibb elmləri sahəsində “Daxili xəstəliklər”, tarix sahəsində “Vətən tarixi”, pedaqogika elm sahəsində “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (kimyanın tədrisi metodikası)” və siyasi elmlər sahəsində “Siyasi nəzəriyyə” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları, tibb elmləri sahəsində “Urologiya”, hüquq elmləri sahəsində “Beynəlxalq hüquq; insan hüquqları” və tarix elm sahəsində “Arxeologiya” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya professor attestatları təqdim edilib.
Digər xəbərlər