Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 08.05.2024-cü il tarixində keçirilmiş iclasında vətəndaş Aygün Nurağa qızı Roller (Şahbazova) və Almaniya vətəndaşı Maurus Rollerin Komissiyaya ünvanladıqları 04.09.2023-cü və 12.09.2023-cü il tarixli müraciətlərində qaldırdıqları iddia müzakirə olunmuş və müvafiq qərar qəbul edilmişdir.
Müraciətlərdə filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Vaqif qızı Quliyevanın “Qabriel Qarsia Markesin yaradıcılığında fantastik realizmin xüsusiyyətləri (“Yüz ilin tənhalığı” romanı əsasında)” mövzusunda dissertasiya işində xarici ölkə alimlərinə məxsus mətnlərdən yazılı istinad vermədən istifadə etməklə, yanlış və mövcud olmayan mənbələr göstərməklə, bir çox istinadlarda istifadə etdiyi mənbələrin eyniləşdirilməsini mümkün etməyən və ya əhəmiyyətli dərəcədə çətinləşdirən texniki səhvlərə yol verməklə akademik dürüstlük prinsipinin, elmi etikanın pozulduğunu nəzərə alaraq, tədqiqat işinin yenidən ekspertizaya cəlb olunması və dissertasiyada elmi plagiat faktlarının aşkarlanacağı təqdirdə onun fəlsəfə doktoru elmi dərəcəsindən və dosent elmi adından məhrum edilməsi barədə Komissiya qarşısında məsələ qaldırılmışdır.
Komissiyada işin ekspertizasının nəticəsinə və Filologiya elmləri və pedaqogika üzrə ekspert şurasının rəyinə əsasən A.V.Quliyevanın adı çəkilən dissertasiyasının əhəmiyyətli hissəsinin plagiatlığı, xarici ölkə tədqiqatçılarının əsərlərindən mətn parçalarının sözbəsöz tərcümə edilərək və istinad edilmədən mənimsənilməsi faktları öz təsdiqini tapmışdır. Müəyyən edilmişdir ki, A.Quliyeva müstəqil elmi araşdırma aparmamış, xarici ölkə tədqiqatçılarının, xüsusilə də rusiyalı alimlər V.Zemskovun və V.Kuteyşikovun elmi əsərlərindən tərcümə və ya birbaşa köçürmə yolu ilə (bəzi hallarda müəyyən sözləri və ifadələri dəyişdirməklə) dissertasiya hazırlamış, elmi-pedaqoji fəaliyyətə görə dosent elmi adı almaq üçün həmin dissertasiya əsasında tədris vəsaiti tərtib etmişdir.
Aynur Quliyeva Filologiya elmləri və pedaqogika üzrə ekspert şurasının 29.11.2023-cü il tarixli iclasında şəxsən iştirak etmiş, ekspert rəylərində qeyd olumuş iradları əsaslandırılmış şəkildə təkzib edə bilməmiş, 14.02.2024-cü il tarixində isə göstərilən iradlara yazılı cavablarını Komissiyaya təqdim etmişdir. Ekspert şurasının 05.04.2024-cü il tarixli iclasında A.Quliyevanın cavabları rəyçilərin iştirakı ilə müzakirə edilmiş və iradlara verilmiş həmin cavabların əsassız olduğu bir daha təsdiqlənmişdir.
Yuxarıda göstərilənləri nəzərə alaraq Filologiya elmləri və pedaqogika üzrə ekspert şurası 05.04.2024-cü il tarixli qərarı ilə yekdilliklə Aynur Vaqif qızı Quliyevanın “Qabriel Qarsia Markesin yaradıcılığında fantastik realizmin xüsusiyyətləri (“Yüz ilin tənhalığı” romanı əsasında)” mövzusunda 5718.01 – “Dünya ədəbiyyatı (ispan ədəbiyyatı)” ixtisasında filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsindən və filologiya elmləri sahəsinin 5718.01 – “Dünya ədəbiyyatı (ispan ədəbiyyatı)” ixtisası üzrə dosent elmi adından məhrum olunmasını Komissiyanın Rəyasət Heyətinə tövsiyə etmişdir.
Komissiyanın Rəyasət Heyətinin 19.04.2024-cü il və 08.05.2024-cü il tarixli iclaslarında məsələ ilə bağlı geniş müzakirələr aparılmış və Aynur Vaqif qızı Quliyevanın Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 9.3.2-ci yarımbəndi rəhbər tutulmaqla dissertasiya işində aşkar olunmuş elmi plagiat faktına görə filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsindən və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 8.3.1-ci yarımbəndi rəhbər tutulmaqla dosent elmi adından məhrum edilməsi haqqında qərar qəbul edilmişdir.
Digər xəbərlər